18.10.2024, 10:21
AZ EN
08.01.2024, 11:51 299

Bu gün şəhid Elgün Əzizovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz, baş leytenant Elgün Elman oğlu Əzizovun doğum günüdür. O, 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1996-2007-ci illərdə Q.Baxşıyev adına Bakı şəhər 179 saylı tam orta məktəbdə, 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb.

Elgün Əzizov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi ilə xidmətə başlayıb. Vətən müharibəsinə qədər baş leytenant Elgün Əzizov Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Elgün Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elgün Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla Müşfiqabad qəsəbəsində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elgün Əzizov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Döyüş yoldaşlarının, şahidlərin söylədiyinə görə, Elgün Əzizov öz əsgərini xilas etməyə çalışarkən düşmənin snayper gülləsinə tuş gəlib. Ancaq iki güllə yarası almasına baxmayaraq o döyüş meydanını tərk etməyib və sona qədər vuruşub.

Şəhid, baş leytenant Elgün Əzizov ailəli idi, iki qız və bir oğul övladı  Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD  

Oxşar xəbərlər