18.10.2024, 09:49
AZ EN
29.12.2023, 18:25 242

Anqolada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə layihəsi

XƏBƏRLƏR
  • Anqolanın Luanda şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş xeyriyyə tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Nigeriyada təsis edilmiş Azərbaycanın Dostları Təşkilatı və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin maliyyə dəstəyi, həmçinin təşkilatçılığı ilə baş tutan xeyriyyə layihəsində Anqolanın Camunga Simfonik Orkestri məktəbinin ifaçıları, şagirdləri və müəllim heyəti iştirak ediblər. Layihə fərqli ölkələrdə yaşayan diaspor təşkilatlarımızın birlikdə fəaliyyət göstərməsinə təkan vermək məqsədilə həyata keçirilib.

Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti, hazırda Anqolada yaşayan Billurə Bayramova Bernard tədbir iştirakçılarına Həmrəylik Günü barədə məlumat verib, Azərbaycanın milli geyimlərində olan iştirakçılarla birlikdə xalqımızı və dünya azərbaycanlılarını təbrik edib. Diqqətə çatdırıb ki, Camunga Simfonik Orkestri sentyabrdan başlayaraq Azərbaycan mahnılarını öyrənir və bizim musiqi əsərlərinin Anqolada tanıdılmasına çalışır: “Tədbir Həmrəylik Gününə həsr edildiyi üçün iki təşkilat çalışdıq ki, dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızı gözəl ideyalar ətrafında, ölkəmizin mədəniyyətinin tanınması, insanlıq, sülh naminə bir araya gətirək”.

İnternet vasitəsilə tədbirə qoşulan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli dünya azərbaycanlılarını, xüsusən də Anqolada yaşayan həmvətənlərimizi Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, soydaşlarımıza həmrəy olaraq ölkəmizin inkişafında, müstəqilliyinin qorunmasında öz səylərini artırmağı arzulayıb. Dünyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin birlikdə belə tədbirlər keçirməsinin vacibliyini vurğulayıb.

Sonra Camunga Simfonik Orkestrinin ifasında Azərbaycan musiqi əsərləri səsləndirilib. Məktəbə Azərbaycan mədəniyyətini əks etdirən kitablar hədiyyə olunub. (AZERTAC)

Oxşar xəbərlər