Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ağdamda quruculuq işlərində artıq yerli yataqlardan istifadə olunur: "Bərpa olunan kəndlərdə bu yataqlardan çıxarılan tikinti materialları - Ağdamın məşhur ağ daşı artıq istehsal olunaraq tikinti şirkətlərinə verilir. Tikinti layihələrində istifadə olunur. Bu ehtiyatların daha geniş və dayanıqlı istismarı layihələrin yüksək keyfiyyətli şəkildə icra olunmasına gətirib çıxaracaq, həm onların icra müddətini kifayət qədər qısaldacaq, həm də məsrəfləri azaldacaq, eyni zamanda quruculuq işlərini sürətləndirəcək.
Meydana çıxan digər məsələ söküntü materiallarının utilizasiyası ilə bağlıdır. Düşmən 30 il ərzində 8 şəhəri yerlə-yeksan edib. Ərazidə həyata keçirilən bərpa prosesləri zamanı çoxsaylı söküntü tullantıları yaranır, onların təkrar emal olunaraq layihələrə cəlb olunması, yenidən istifadə olunması, sıfır tullantı səviyyəsində layihələrin icra olunması olduqca vacibdir və bu, bütün işğaldan azad edilmiş ərazilərdə nəzərə alınır. Bu, gələcəkdə həmin bölgədə dayanıqlı və yaşıl iqtisadiyyatın formalaşmasına və yaşıl zona konsepsiyasının tam mənada həyata keçirilməsinə öz töhfəsini verəcək". (AZƏRTAC)