23.11.2024, 05:16
AZ EN
21.12.2023, 12:23 339

“Azərbaycan bayrağı” ordenli Seyfəli Rəfiyev

XƏBƏRLƏR
  • Seyfəli orta məktəbi yaxşı oxuyub, gözəl rəsmlər çəkiridi. Sonra ali  məktəbə daxil oldu. Ancaq seçdiyi ixtisasın arxasınca getmədi. O, hərbçi olub Vətənin keşiyində dayanmaq qərarına gəldi. Seyfəlinin atası, əmisi də Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. O, həmişə atasına deyirdi ki, mən də sənin yolunu davam etdirəcəyəm. Aprel döyüşlərinin iştirakçısı olan Seyfəli nəinki bu yolu davam etdirdi, o, yeni bir tarixə öz imzasını da atdı. Kəşfiyyatçı snayper kimi torpaqlarımızın azadlığı uğrunda vuruşaraq qəhrəmancasına şəhadətə ucalıb, atasına şərəflə aldığı “Azərbaycan bayrağı” ordenini hədiyyə elədi...   

İkinci Vətən Müharibəsinin qəhrəman şəhidi, kəşfiyyatçı snayper, gizir  Seyfəli Musa Oğlu Rəfiyev 1997-ci il dekabrın 21-də Siyəzən şəhərində dünyaya gəlib. Təhsilini Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə alıb. Seyfəli əlaçı bir şagird olub. Ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq olan Seyfəli 2016-cı il yanvarın 5-də həqiqi hərbi xidmətə çağrıldı. Komandirlərinin etimadını qazanmış Seyfəli nümunəvi əsgər kimi fəxri fərmanlara layiq görülüb. Hərbi xidmətindən sonra o, Bakıda Xüsusi Hərbi İxtisas Kurslarına qəbul olaraq snayper təhsili aldı. Seyfəli ali məktəbi bitirsə də, 2018-ci ildə yenidən MAXE kimi Vətənə xidmətə başladı. Kəşfiyyatçı gizir, snayperçi S.Rəfiyev unudulmaz Aprel döyüşlərində də mərdliklə savaşdı.

Azərbaycan Ordusunun giziri olan Seyfəli Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşdı. O, sentyabrın 28-də Füzuli uğrunda gedən həlledici, qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı.

Şəhidimiz doğma Siyəzəndə böyük izdiham və ehtiramla torpağa tapşırıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncalarına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Seyfəli ali təhsilli, ziyalı bir oğul idi. Onun rəssamlığa, ədəbiyyata

böyük həvəsi vardı. İngilis dilində sərbəst danışır, mütaliəni çox sevirdi. Seyfəli idmanı da unutmurdu, çünki Vətən uğrunda mübarizəyə həm də, fiziki güc lazım olduğunu yaxşı anlayırdı.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Seyfəli balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər