Əmrah kədərlə qol-boyun böyüdü. Onu içindən didən həsrətin dərmanı olmasa da, qəlbindəki həyat eşqi və istedadıyla özündə yaşamağa həvəs, güc tapırdı. Əmrah əsl incəsənət adamı idi, gözəl rəsm çəkmək qabiliyyəti, aktyorluq bacarığı və adı kağız parçalarından, kartondan musiqi alətləri düzəltmək məharəti ilə hamıdan fərqlənirdi. Onun çəkdiyi rəsmlər bu gün də məktəbdə qorunub saxlanılır və həmin əsərlər indi də göz oxşayır. Müəllim və tərbiyəçilər deyirlər ki, Əmrah vaxtını boşuna keçirməzdi. Ona görə də, müsabiqələrdə fəxri-fərmanlar qazanmışdı. O, tədbirlərdə öz çıxışıları, rolları ilə diqqəti cəlb edirdi. Bir dəfə bayram tədbirində Əmrah elə rola girmişdi ki, onu heç səsindən də tanıya bilməmişdilər. Əmrah həm də şeir yazırdı, sanki həyatını repə köçürürdü... Futbola da həvəsi vardı, ən sevdiyi komanda “Kəpəz” idi. Futbol köynəyinə şəkli də özü çəkmişdi.
Başqalarına təsəlli verən, özündən kiçiklərə qayğı göstərən Əmrah bir gün dözmədi, həyətdə bir tərəfə çəkilib ağlamağa başladı. Bunu görən direktor onu sakitləşdirməyə çalışanda Əmrahın ağlamağı hönkürtüyə çevrildi... Sanki illərlə çəkdiyi ağrılar, həsrət dilə gəlmişdi. Axı niyə belə oldu, deyə, bu kimsəsiz yeniyetmə oğlan elə bil, öz-özünə sual verirdi...
Orta məktəbi bitirdikdən sonra bu istedadlı oğlan sadəcə Zirvə kurslarında bərbərlik sənətinə yiyələnmişdi. 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən uşaq evlərinin məzunları üçün inşa edilmiş “Məzun evi”ndə birotaqlı mənzillə təmin olunmuşdu. Əmrah ailə qurmaq və isti ocaq arzusunda idi...
Əmrah Rəcəbov 2019-cu ildə hərbi xidmətə yollandı. O, Beyləqan rayonundakı N saylı hərbi hissəsində Vətənə xidmət etməyə başladı.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində ordumuzun əsgəri Əmrah Rəcəbov döyüşlərə qatıldı. O, oktyabrın 8-də Füzuli uğrunda gedən qızğın döyüşlərdə yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına şəhadətə ucaldı. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 2021-ci il fevralın 23-də tapılaraq Gəncə Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əmrah Rəcəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bu gün məzunu olduğu uşaq evinin kollektivi ondan danışaraq göz yaşları içində Əmrahla fəxr etdiklərini bildirirlər.
Şəhid olduqdan sonra Əmrah haqqında məlumatlarda ata adı yerinə “Vətən” yazılıb. Çünki Əmrah bütün Azərbaycanın, Vətənin övladı kimi tarix yazaraq bizə Zəfər qazandıran qəhrəmanlardan oldu.
Cənnətdəki doğum günün mübarək, məzrın nurla dolsun, qəhrəman Əmrah balamız!
Mina RƏŞİD