İki aya yaxındır təmiri gedən Xankəndi şəhər stadionunda yenidənqurma işləri başa çatmaq üzrədir. Hazırda arenanın tribunalarında yeni oturacaqlar quraşdırlır, otaqları təmir olunur.
"Vətən səsi" xəbər verir ki, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsimin "Qarabağ" - MOİK matçı burada keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqası (PFL), eləcə də Gənclər və İdman Nazirliyi oyunun yüksək səviyyədə təşkil edilməsi yönündə birgə fəaliyyət göstərir.
Bununla bağlı PFL klublara müraciət edib. Ölkə çempionatının təşkilatçısı olan qurum Premyer Liqa, I Liqa və II Liqada yarışan bütün iştirakçıların nümayəndələrini Xankəndinə aparamğa hazırdır. Bunun üçün hər kluba 1 yer ayrılıb. Lakin yarışın keçiriləcəyi Xankəndi şəhərinə yollanmaq klublar üçün könüllüdür.
Dəqiqləşdirilmiş məlumatlara görə Xankəndi şəhər statidonunda "Qarabağ"-MOİK matçını azarkeşlər də izləyəcək. Belə ki, PFL futbolsevərlərin adıçəkilən şəhərə aparılması üçün təşkilati işləri görməyə başlayıb.
Xatırladaq ki, Qarabağa səfər oyunun keçiriləcəyi gün, yəni dekabrın 21-də səhər saatlarında başlayacaq. Metronun «Koroğlu» stansiyasının yaxınlığından yola çıxacaq maşın karvanında azarkeşlərin və klub könüllərinin bir neçə avtobusla Xankəndi şəhərinə gediş-gəlişi təmin olunacaq.
Elxan SALAHOV