Bu gün ağdərəlilər də çoxdan gözlədikləri sevinci yaşayırlar. Ağdərəli kiçik çay yatağı mənasını daşıyır. Ermənilər onu Mardakert adlandırmışdılar. İndi Ağdərənin adı ilə yanaşı hər şeyi özünə qayıdır. 1992-ci ildə ərazisi bir neçə rayon arasında bölünən Ağdərəyə yenidən rayon statusu verilir. Ağdərəlilər bunu çoxdan gözləyirdilər. Mustafatevlər ailəsi də bu insanlar arasındadırlar. Onlar Ağdərə ilə bağlı xatirələrini xatirələrini İctimai televiziyaya danışıblar.
Ağdərə sakini, Xankişi Mustafayev:
Mən 1932-ci ildə Ağdərə rayonunun İmarat Qərvənd kəndində anadan olmuşam. Martın 2-də 92 yaşım tamam olacaq. Azərbaycanın başqa yerlərinə baxanda Ağdərənin təbiəti hamısından gözəldir. Gözəl olub ki, vaxtilə ermənilər gəlib səpələniblər oralara. Rəhmətlik atam kolxoz sədri, sovet sədri olub. O, mənə deyirdi ki, erməni prokuroru sənə desək ki, səninlə qardaşam, inanma, onlara etibar yoxdur. Axırda gördüm ki, atam həqiqətən də düz deyirmiş.
Allahdan müddət istəmişəm, ömür yox ha, müddət, gedim o torpağı görüm, atamın, amanın, bacımın,məzarları ordadır, ümumiyyətlə doğmalarımın hamısının məzarı ordadır. Onları ziyarət edim sonra...
Ağdərə sakini, dosent Qorxmaz Mustafayev:
-Kəndimiz iki adla adlanırdı. İmarət Qərvəndin bir hissəsi Kərəmli adlanırdı, digər hissəsi isə Almədədli adlanırdı. Bunun içərisində ayrı-ayrı tirələr, tayfalar da var idi. Bu gün kəndimiz Kərəmli adıyla Kəlbəcər inzibati ərazində var. Kəndimizin əhalisi Çardaxlı adı altında Tərtərdə inzibati ərazi vahidi kimi var. Amma İmarət Qərvənd adı yoxdur.
Kəndin son günü çox acınacaqlı idi. O vaxtı hələ Xocalı hadisəsi olmamışdı, Camaatda elə qorxu yox idi. Camaatımız hər ev uğrunda ov tüfəngi ilə də olsa vuruşurdu. Sentyabrın 24-ü gecəsi camaat Ağdaban istiqamətindən çıxanda mən də onların içərisindəydim, onda dönüb kəndə doğru baxanda gördüm ki, kənd tüstü içərisindəir. O vaxt 96 yaşlı Zeynəb qarı evində yandırılmışdı.
Qeyd edək ki, Ağdərə bölgəsində əhalinin mütləq hissəsini Azərbaycan türkləri təşkil edib. Lakin Çar Rusiyasının erməniləri Azərbaycana köçürülməsi nəticəsində ermənilərin sayı tədricən artıb.
Az qala bir əsrini yaşayan, erməni ciyatələrinin, vəhşiliyinin canlı şahidi olan Xankişi baba Ağdərədə gedən ən qızğın döyüşləri də unutmayıb: “Evləri elə atəşə tutdular ki, camaatın çoxu mənim evimin yanına yığılmışdı, güllə yağışına tutulan evin dəmiri cingilti ilə göydə fırlanıb yerə düşürdü. Camaata dedim ki, qorxmayın, bir gün yaranmışıq, bir gün də ölməliyik. Onlara ürək-dirək versəm də ürəyimdən qırılırdım”.
İstefada olan polis zabiti, mayor Şahmalı Mustafayev:
-1992-ci ilin yayında Ağdərə rayonunda polis idarəsi yaradıldı. Daxili İşlər Nazirliyinin əmri ilə mən Ağdərə Rayon Polis İdarəsinə sahə rəisi təyin olundum. Bu müddət ərzində də mən və Ağdərə rayon polis şöbəsinin əməkdaşları ancaq hərbçilərlə bərabər bütün döyüşlərdə iştirak etdik. Ağdərə rayonunun rayon statusu 1992-ci ilin payızında ləğv olundu. Amma polis şöbəsi müharibənin axırına qədər döyüşdü.
Qeyd edək ki, Ağdərə rayon sakinləri bir neçə dəfə rayonun bərpa olunması üçün ölkə Prezidentinə müraciət ünvanlayıblar. Artıq bu istəklər realığa çevrilib. Ağdərə rayonu yenidən xəritəyə qayıdır. Öz keçmişinə və xoşbəxt gələcəyinə qovuşur.
Hazırladı: Tahirə AĞAMİRZƏ