24.04.2025, 21:20
AZ EN
20.06.2022, 15:30 758

Ümumdünya Qaçqınlar Gününə həsr edilən fotosərginin açılış mərasimi olub

XƏBƏRLƏR
  • 2022-ci il Ümumdünya Qaçqınlar Gününə həsr olunan fotosərginin açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə qaçqın əfqan fotoqraf Əhməd Cavid Əkbərzadənin qaçqınlar və məcburi köçkünlərlə bağlı çəkilmiş fotoları ilə tanış olublar.

Sonra tədbirin rəsmi hissəsi başlayıb.

Fotosərgini giriş nitqi ilə açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso tədbir iştirakçılarını salamlayıb. Təhlükəsizlik və sığınacaq hüququnun hər kəsin haqqı olduğunu vurğulayan G.Ambroso tədbirin məqsədindən, qaçqınların və köçkünlərin problemlərinin diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışıb. O, fotosərginin proqramı haqqında məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tədbirin əhəmiyyətindən bəhs edib. O, Ermənistanın Azərbaycana qarşı apardığı haqsız müharibə nəticəsində ölkəmizin qarşılaşdığı qaçqın və məcburi köçkünlərin problemlərini yalnız öz gücümüzlə həll etdiyimizi diqqətə çatdırıb. Azərbaycana gələn qaçqınlara dövlətimizin qucaq açmasından danışan ombudsman ölkəmizdə yaradılan multikultural və tolerantlıq mühit barədə tədbir iştirakçılarına məlumat verib. Qaçın və məcburi köçkünlərin hüquqlarının müdafiə olunmasını, onların problemlərinə həssas yanaşılmasının vacibliyini vurğulayıb.

Çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində qaçqınlar günü qeyd olunur. Onların problemlərinə diqqəti artırmaq olduqca vacibdir. Ölkəmizdə də qaçqınların sosial problemləri dövlət tərəfindən yüksək səviyyədə həll olunur. Azərbaycana digər dövlətlərdən gələn qaçqınlara da diqqət və qayğı göstərilir.

Vüsal Hüseynov qaçqınların hüquqlarının Azərbaycanda yüksək səviyyədə qorunmasından danışıb, beynəlxalq səviyyədə həmrəyliyin artırılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında fotosərginin vacibliyindən və əhəmiyyətindən danışıb. Qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin problemlərini həll etmək üçün həmrəy olmalıyıq. Ölkəmizdə olan qaçqınlar və keçmiş məcburi köçkünlər, onların sosial müdafiəsinin gücləndirilməsi barədə məlumat verib. Bu istiqamətdə Azərbaycanda 2 dövlət proqramının təşkil olduğunu vurğulayıb. O, keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına köçürülməsi barədə danışıb: “Ermənistanın 30 il ərzində ərazilərimizi minaladığı üçün köçkünlərin yurdlarına köçürülməsi ləngiyir. Ölkəmiz minalardan ən çox çirklənmiş ölkələrdən biridir. Lakin buna baxmayaraq, yaxın zamanlarda köçkünlərin öz torpaqlarına qayıdışı baş verəcək”.

Fuad Hüseynov Azərbaycanın yaratdığı reinteqrasiya modelindən, onun uğurla tətbiqindən də bəhs edib.

Əfqan qaçqın fotoqraf Əhməd Cavid Əkbərzadə fotosərgidə çıxış edərək təşkilatçıları və tədbir iştirakçılarını salamlayıb. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qlobal həmrəyliyin vacibliyindən danışıb: “Azərbaycana qonaqpərvərliyə görə minnətdaram. Qaçqınlara və məcburi köçkünlərə Azərbaycanın qayğısı və diqqəti çox yüksək səviyyədədir. İstərdim ki, dünya üzrə də qaçqınların problemləri birgə həll edilsin”.

Sonda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin Qlobal Tendesiyalar Hesabatının dərc olunması ilə əlaqədar keçirilən mətbuat konfransındakı çıxışından bəzi məqamlar Azərbaycan dilində subtitrlərlə təqdim edilib. Ardınca, təhlükəsizlik axtarmaq hüququnu təşviq edən və Azərbaycanda yaşayan qaçqın tələbə qız barəsində video nümayiş etdirilib.

Oxşar xəbərlər