22.11.2024, 15:19
AZ EN
27.11.2023, 10:26 323

Müharibədən sonra...

XƏBƏRLƏR

Şəhiddir mənim adım,

Vətən üçün doğuldum.

Vətən üçün yaşadım,

Uğrunda şəhid oldum.

Sanki Vətən uğrunda bir gün şəhid olacağı Ülvinin ürəyinə dammışdı. Torpaqlarımız düşmən tapdağı altındadır deyə, ailə də qurmaq istəmirdi. Anasına deyirdi ki, qoy yurdumuzu zalımlardan təmizləyək sonra...

Bacısı qardaşıyla qürur duyduğunu deyir: “Qardaşım heç bir vaxt unudulmayacaq, yaddan çıxmayacaq. Nə qədər Vətən var, Azərbaycan var, mənim qardaşım yaşayacaq”.

Ülvinin atası da bir valideyn kimi övladının onlardan belə tez ayrılmasının acısını yaşasa da deyir ki, təsəllimiz var. Çünki Şəhidlər heç vaxt ölmürlər və Vətən də bölünmür. Bizim yeganə təsəllimiz oğlumuzun Vətən uğrunda şəhid olmasıdır...

Bu gün şəhid Ülvi Şakir oğlu Müseyiblinin doğum günüdür. O, 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Ülvi Müseyibli noyabrın 5-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma İsmayıllı rayonunda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ülvi Müseyibli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər