22.11.2024, 00:23
AZ EN
19.06.2022, 16:00 281

Milli Qəhrəman Şirin Mirzəyevin və silahdaşlarının ölümündən 30 il keçdi

XƏBƏRLƏR
  • Bu gün “Qarabağ qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə 18 iyun 1992-ci ildə Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin, “Azərbaycan Bayrağı” ordenli Qahir Hüseynov, Yavər Babayev, Araz və Mübariz Mirzəyevlərin anım tədbiri keçirilib.

Anım mərasimi Şəhidlər Xiyabanında Şirin Mirzəyev və silahdaşlarının məzarlarını ziyarət etməklə başlayıb, daha sonra Bakı şəhərindəki Şuşa restoranında davam edib.

Mərasimdə Şirin Mirzəyevin, Yavər Babayevin, Qahir Hüseynovun, Araz və Mübariz Mirzəyevin silahdaşları, ailə üzvləri və yaxınları, həmçinin dövlət adamları, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri iştirak edib. Tədbirin aparıcısı Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı olub.

Şəhidlər bir dəqiqəlik sükutla anıldıqdan sonra Qarabağın tanınmış din xadimi Hacı Vidadi onların ruhuna dualar oxuyub.

Daha sonra Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edib. O, çıxışı zamanı Azərbaycan xalqının və Şirin Mirzəyevin qəhrəmanlığından danışıb, Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə və məcburi köçkünlərə göstərilən diqqət və qayğısından söz açıb, problemlərinin həlli istiqamətində görülən işləri qeyd edib.

Şirin Mirzəyevin silahdaşı Rey Kərimoğlu da mərasimdə çıxış edərək, onun keçdiyi döyüş yolundan bəhs edib. O, 1992-ci ildə Şirin Mirzəyev sağ ikən “Azərbaycan Ordusu” qəzetinə, jurnalist Knyaz Aslana verdiyi müsahibəni xatırlayıb. Həmin mühasibədən bir hissəni məclis iştirakçılarının diqqətinə çatdıraraq, Şirin Mirzəyevin komandir, savadlı döyüşçü olmaqla yanaşı, uzaqgörən bir diplomat olduğunu xüsusi vurğulayıb. Belə ki, Şirin Mirzəyev hələ 1992-ci ildə jurnalistin sualına cavab verərkən BMT və Rusiyanın Qarabağ probleminin həll edilməsində rolunun ola bilməyəcəyini deyib: “O bildirir ki, nə BMT, nə də Rusiya Qarabağ problemini həll edə bilməz. Çünki onların missiyası başqadır, onlar müvəqqəti sabitlik yarada bilərlər. Yeganə həll yolu Qarabağdakı bütün işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasıdır”.

Tədbirin davamında “Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu çıxış ediblər.

Əməkdar artist Azad Şükürov mərasimdə vətənpərvərlik ruhlu şeirlər səsləndirib. Şəmistan Əlizamanlı isə öz repertuarından bir neçə mahnı ifa edib.

Eyni zamanda Azərbaycanın tanınmış diktoru, əməkdar artist Rafiq Haşımovun səsləndirdiyi 44 günlük müharibə ilə bağlı bədii kompozisiya da təqdim edilib.

Qarabağ qazisi, şair Abdal Qəhrəman isə Şirin Mirzəyevə həsr etdiyi şeirini səsləndirib.

Sonda Şirin Mirzəyevin xanımı Flora Qasımova çıxış edərək tədbirin təşkilatçılarına və iştirak edən hər kəsə öz təşəkkürünü və minnətdarlığını bildirib. Sonra şəhidlərin ruhuna dualar oxunaraq ehsan verilib. (qaziler.az)

Oxşar xəbərlər