20.09.2024, 00:24
AZ EN
28.12.2022, 09:04 503

Elin Adamı

XƏBƏRLƏR

Mərhum vətənpərvər şair, şəhid atası, Hacı Ərşad Hacı Bədəllinin 85 illik yubileyi qeyd olunub

O, təkcə müəllim deyildi. O, həm də Elin Adamı idi, xeyirxah adamı, Dar günün dostu, qardaşı, atası idi. Kəndimizdə kiminsə bir çətinliyi olanda tez özünü yetirər, əl tutar, onu əsla yıxılmağa qoymazdı Ərşad müəllim. El arasında belə bir deyim var: yetimlər atası. Ərşad müəllim əsl yetimlər atası idi. Bilirdi yetimin könlünü necə almaq olur, başını necə tumarlamaq olur. Bunu elə nəvazişlə, ata qayğısı ilə edirdi ki, adam özünü kimsəsiz, yetim saya bilmirdi... Kənddə bir evə yas düşəndə həmin anda həyat yoldaşı Tahirə müəllimə ilə hazır olardılar həmin qapıda. Ona görə Elin sevgisini, hörmətini qazanmışdı. Ərşad müəllimin xeyirxah əməllərini bir yazıda sözlə ifadə etmək çox çətindir... Torpaq adamı idi. Qubadlı işğal olunanda  elə ruhdan düşdü ki, əlləri soyudu hər şeydən, ruhu sozaldı günü-gündən. Gözləri elə hey nigaran qaldığı doğma Qubadlıya tərəf yönəlirdi, çəkə bilmirdi gözlərini o müqəddəs yoldan, axı, orda Vətən tək idi, Vətən yaralı idi. Beləcə ömrünü əritdi bu həsrət, bu niskillə. Hələ bir də buna şəhid balasının yarımçıq qalan arzuları çalanırdı. Dözüm gətirə bilmədi bu ağır dərdlərə, görə bilmədi Vətənin, Qarabağın azadlığını.. Amma bu gün ruhu şaddır, azad olunmuş doğma kəndinin səmalarında seyr edir Vətəni... Azərbaycanın qəhrəman oğulları Birinci Qarabağ müharibəsinin şəhidi Nadir Bədəllini də qisasını 44 günlük müharibədə aldı..

Sumqayıt şəhər Poeziya evində mərhum şair, şəhid atası, Vətən həsrətiylə dünyasını dəyişən Hacı Ərşad Hacı Bədəllinin 85 illik yubleyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə şairin doğmaları və yaxınları ilə yanaşı, qələm dosları da iştirak edibilər. Qubadlı rayon İcra hakimiyyətinin nümayəndəsi Nizami Əhmədov, Qubadlı rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Həsənov, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və digər çıxış edənlər Hacı Ərşad Hacı Bədəlli ilə bağlı xatirələrini bölüşüb, şeirlərindən söhbət açıblar. Şairin oğlu Loğman Hacı Bədəlli tədbirə gələnlərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Ərşad Bədəlov 27 dekabr 1937- ci ildə Zəngəzur mahalı Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya göz açmışdır.

1955-ci ildə Qubadlı rayonu Dondarlı kənd tam orta məktəbini , 1964- cü ildə isə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dövlət İnstitutunun rus dilli və ədəbiyyatı fakültəsini bitirmişdir.

28 mart 2003 -cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1964 -cü ildən Dondarlı kənd tam orta məktəbində rus dilli və ədəbiyyatı müəllimi kimi pedaqoji əmək fəaliyyətinə başlayıb. 1965 - ci ildən, 1973 -cü ilə kimi həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Daha sonra Qubadlı rayon Təhsil Şöbəsində inspektor - metodist vəzifəsində çalışıb. 1982-ci ildən, 2011- ci ilin sentyabrına qədər Dondarlı kənd tam orta məktəbində direktor vəzifəsində çalışıb. İşlədiyi dövr ərzində bir çox mükafatlara layiq görülüb. Qabaqcıl maarif xadimi, maarif əlaçısı və ali kateqoriyalı müəllim titullarına layiq görülüb.

Ərşad müəllim ən böyük və qiymətli mükafatı onun təlim tərbiyyəsində yaxından iştirak etdiyi şagirdləri olmuş, onlarla həmişə fəxr etmişdir. O şagirdlər ki onların bu gün yüksək kürsülərdən səsləri gəlir. Onların içərisində Vətənə yüksək xidmətlərinə görə adlar almış generalı, polkovniki, müəllimi, alimi, həkimi mühəndisi, jurnalisti, yazıçısı və s. var.

Onu da qeyd edək ki, Hacı Ərşad Hacı Bədəlli Birinci Qarabağ müharibəsinin şəhidi Leytenant Nadir Bədəlovun atasıdır.

Tədbirin sonunda Hacı Ərşad Hacı Bədəllinin kitabları oxuculara hədiyyə edilib.

Allahdan Ərşad müəllimə rəhmət diləyirik, ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR