22.11.2024, 07:26
AZ EN
08.12.2022, 13:00 369

O qızı tapın – bir şəklin tarixçəsi

XƏBƏRLƏR
  • Tanınmış telejurnalist, ATV kanalında yayımlanan “Ağdam və mən” sənədli filmlər seriyasının müəllifi Səadət Məmmədova dünən özünün Facebook səhifəsində (https://www.facebook.com/seadet.memmedova) Birinci Qarabağ müharibəsi dövründə çəkilmiş  bir fotoşəkli yerləşdirərək, orada təsviri olan qızı axtardığını bildirib. Birinci Qarabağ müharibəsindən zəngin fotoarxivi olan məşhur litvalı hərbi jurnalist Riçardas Lapaytis də həmin statusa rus dilində rəy yazaraq, şəklin tarixçəsi barədə maraqlı faktlar açıqlayıb.

Pribaltikalı jurnalist yazır: “O günü xatırlayıram... İlqar müəllim Cəfərovla (AZƏRTAC-ın fotomüxbiridir -VS) cəbhədən qayıdırdıq. Yolda qaçqın düşərgəsini gördük. İnsanlar açıq havada yaşayırdılar. İlqar qızın şəklini çəkməyə başlayanda uşaq qulaqlarını qapayıb ağlamağa başladı! İlqardan soruşdum ki, ona nə olub? Niyə belə ağlamağa başladı? İlqar mənə izah etdi: “Anasının dediyinə görə, qız kameranı silahla dəyişik salıb! Elə bilib ki, İlqar atəş açacaq... Axı İlqar kameran sanki silahmış kimi gözünə tərəf qaldırmışdı! Qızcığaz yad adamlardan qorxmuşdu! O bilirdi ki, başqa insanları öldürən insanlar var! Ona görə də dərhal qulaqlarımı qapamışdı. Və ucadan ağlamağa başlamışdı! Düşünürdü ki, onu öldürəcəyik! O dövrün uşaqları bilirdilər ki, atəş səsi, mərmi partlayışı nədir, pis adamlar var. Onların əksəriyyəti belə dəhşətli şəraitdə böyüyürdülər”.

Həmin qızı yenidən görmək istədiyini bildirən, fotoşəkli yada salanlara təşəkkür edən Riçardas Lapaytis fikrini belə davam etdirir: “Səhv etmirəmsə, o qız sonralar şəkli çəkənləri axtarırmış. Daha doğrusu, İlqarı! Çünki o vaxt orada bizdən başqa heç kim olmayıb! Biz təsadüfən ora gəlib çıxmışdıq. Yol maşını ilə qayıtmaq istəyirdik. Qarşımıza çıxan maşına əl edirdik. O zaman bəzən Bakıya bir neçə günə gəlib çatırdıq. Məncə, o qız bizi, təxminən, səkkiz il və ya daha əvvəl axtarıb. Yəqin ki, bu şəkli hardasa görüb! Deməli, o, hardasa, Bakıdadır. Belə qaçqın düşərgələri çox idi! Camaatın çadırı belə yox idi. Açıq havada yaşayırdılar. Bəxti gətirənlər traktorun qoşqusu altında özlərinə yer tapırdı.  Qocalar, qadınlar, kiçik uşaqlar! Ayaqyalın gəzirdilər! Aclıq şəkirdilər! Hər yerdə ocaq qalamışdılar. Hələ yay idi! Ancaq qışı təsəvvür edin! Hətta südəmər körpələr var idi. Xüsusilə də su çatışmırdı. Uşaqlar bir-birini qoruyurdular. Dəhşətli mənzərə idi. Onların vəziyyəti heç kimin vecinə deyildi. Bu adamlarla heç kim maraqlanmırdı! Taleyin hökmünə buraxılmışdılar”.

Riçardas Lapaytis ən ağır vaxtda belə xalqımızın qonağa göstərdiyi ehtiramı da minnətdarlıq hissi ilə xatırlayır: “Bir şeyi də demək istəyirəm... Sizcə, müharibə müxbirləri harda yemək yeyirdilər? Əgər hər şey dağıdılıbsa?.. Heç su da yox! Harada??? İnanmazsınız! Hər şeyini – evini, doğmalarını, yaxınlarını itirmiş, açıq səma altında məşəqqətlər görən, özləri aclıq çəkən o insanlar son tikələrini bizimlə bölüşürdülər, ocaqda çay qaynadıb verirdilər bizə! Bunu heç vaxt unutmaram! Biz xəcalət çəkirdik onların qarşısında... Heç vaxt özümüz nəsə istəməzdik! Ancaq azərbaycanlılar elədirlər ki, başqa cür bacarmazlar! Bəlkə də yalnız azərbaycanlı qaçqınlar anlayırdılar ki, biz hərbi reportyorların taleyunə nələr yazılıb. Onlara əbədi ehtiramım var”.

Əziz oxucular! Şəkli siz də görürsünüz. O qızın tapılmasına siz də köməyiniz əsirgəməyin!

“Vətən səsi”

Oxşar xəbərlər

SON XƏBƏRLƏR