05.02.2025, 22:00
AZ EN
22.11.2023, 17:42 259

Doğma yurduna köçürülən ailələr üçün aktiv məşğulluq proqramına başlanıb

XƏBƏRLƏR

İşğaldan azad olunmuş ərazilərimizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılır. Görülən işlərin nəticəsi olaraq artıq Ağalı kəndinin 200-dək sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 178 nəfəri Agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Vətən səsi"nə verilən məlumata görə, artıq həmin kənddə 11 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilib. Hazırda həmin ailələr özüləri üçün kiçik təsərrüfatlar yaradıb. Kənd sakinlərindən daha 21 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Bundan başqa, Ağalı kəndində həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstək məqsədi daşıyan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı da icra olunur. Bir qrup kənd sakini həmin proqrama cəlb olunub və onların əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.

Böyük Qayıdış proqramı çərçivəsində Tərtərin Talış kəndində də sakinlərin məşğulluğuna dəstək tədbirləri görülür. Agentliyin mümayəndələri kəndə köçürülən ailələrlə görüşlər keçirib və təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. Bunun nəticəsi olaraq kəndin artıq 40-dək sakininin məşğulluğu təmin edilib. Onlardan bir qismi müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar. Digər mühüm məşğulluq istiqaməti kimi, kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Agentlik artıq 9 kənd sakinini özünüməşğulluq proqramına cəlb edilib.

Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın və Füzuli şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilib. Növbəti mərhələdə sakinlərin 400-dən çox şəxsin münasib vakansiyalar üzrə işlə təminatı həyata keçirilib. Bir qrup şəxsin isə özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər