İkinci Vətən Müharibəsində qəhrəmancasına şəhadətə ucalan MAXE Ruslan Şaxsəddin oğlu Quliyevin bu gün doğum günüdür. O, 1984-cü il noyabrın 20-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. 1991-2002-ci illərdə Tovuz rayonunun Dondar Quşçu kənd tam orta məktəbində təhsil alıb. Əmisi Sərkər Quliyev Birinci Qarabağ müharibəsində şəhid olub. Ruslan Quliyev 2003-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Ruslan Quliyev oktyabrın 11-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Tovuz rayonunun Dondar Quşçu kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ruslan Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, 3 övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD