01.08.2025, 12:52
AZ EN
13.11.2023, 10:23 361

Mən Səxavətəm...

XƏBƏRLƏR
  • Səxavətin bir vaxt təhsil aldığı orta məktəbin şagirdləri onun adını uca tutaraq hazırladıqları videoda hərəsi bir şəhidin adını çəkir və o mənəm,  deyirlər. Mən Səxavətəm...

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalan əsgər Səxavət Alim oğlu Həsənovun bu gün doğum günüdür. O, 1994-cü il noyabrın 13-də Gəncə şəhərində anadan olub. 2012-ci ildə Gəncə şəhər 39 nömrəli tam orta məktəbini bitirib. Elə həmin il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb. Hərbi xidmətini layiqincə başa vuran Səxavət Gəncə Regional Asan Xidmət Mərkəzində könüllü kimi əmək fəaliyyətinə başlayıb.
İkinci Qarabağ Müharibəsinin başlanması ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik elan ediləndə Səxavət Həsənov yenidən bir əsgər  kimi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı o, Füzuli, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Səxavət Həsənov 2020-ci il noyabrın 2-də Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz 2020-ci il noyabrın 4-də Gəncə şəhərində Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə  Səxavət Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Anası deyir ki, Səxavət Birinci Qarabağ Müharibəsində şəhid olan əmisinə bənzəyirdi. Elə onun kimi o da Vətən uğrunda şəhadətə ucaldı...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD
 

Oxşar xəbərlər