21.09.2024, 18:51
AZ EN
07.11.2023, 12:49 205

Şəhriyar yaşına görə çox ağıllı idi

XƏBƏRLƏR
  • Şəhriyarın bacısı deyir ki, çox az millətin Zəfər günü var. İkinci Vətən Müharibəsi bir qeyrət müharibəsi, xeyirin şər üzərində qələbəsi idi. Həmişə deyirdilər ki, müasir gənclik belə, cavanlarımız elə… Bizim gənclərimiz tarix yazdı. Onlar tarixi qəhrəmanlara çevrildilər.

Şəhriyar bir gün gəlib mənə dedi ki, müəllim bizdən böyüyəndə kim olacağımızı soruşdu. Hərə bir söz dedi, mən də şəhid olacağımı dedim. Onda biz Şəhriyarın bu cür sözlərini ciddi qəbul etmirdik. Bilsəydik…

Anası deyir ki, Allah mənə elə bir sərvət verib onu heç nəylə almaq olmaz. Mən həmişə onu itirməkdən qorxurdum, qəlbimdə bu hiss var idi ki, nə vaxtsa o məndən ayrılacaq. Şəhriyar yaşından çox ağıllı, mərhəmətli idi…  

Bu gün haqqında doğmaları belə qürurla danışan, təkcə bir evin yox, bütün el-obanın sevimlisi olan qəhrəman şəhidimiz kiçik çavuş Şəhriyar Vəzir oğlu Qasımovun doğum günüdür. O, 1995-ci il noyabrın 7-də Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olub. Şəhriyar evin tək oğul övladıdır, bir bacısı var. O, 2013-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uşaqlıqdan Vətənə sevgisi ilə seçilən qəhrəmanımız hərbi xidmətdə olarkən kiçik çavuş rütbəsini qazanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 2015-ci ildə Yüksək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Binəqədi rayonu filialında çalışmağa başlayıb. 2020-ci ildə təhsilini davam etdirmək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə daxil olub.

Uşaqlıqdan doğmalarına “Mən əsgər olacağam”, “Şəhid olacağam” deyən Şəhriyar 2020-ci ildə Qarabağa zəfər yürüşü üçün könüllü səfərbər olan yüzlərlə gəncdən biri idi. Qismən səfərbərlik elan edilməmişdən öncə Nərimanov Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçib. Ardınca isə müharibənin ilk günlərində - 2020-ci il sentyabrın 29-da cəbhəyə yollanıb.
Şəhriyar Qasımov Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb. Oktyabrn 26-da qəhrəmancasına şəhadətə ucalıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Qasımov Şəhriyar ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz böyük izdiham və ehtiramla Bərdə rayonunda doğma Hüseyinbəyli kəndində torpağa tapşırılıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər