22.11.2024, 00:50
AZ EN
12.03.2022, 15:00 200

Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində layihə icra olunacaq

XƏBƏRLƏR

Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə martın 14-dən etibarən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” layihəsinin icrasına başlanır.

AZƏRTAC-ın yaydığı məlumata görə, layihə dörd ay ərzində Beyləqan, Xocavənd (Beyləqan), Füzuli, Ağcabədi, Laçın (Ağcabədi), Tərtər, Bərdə, Ağdam rayonlarında və Naftalan şəhərində icra olunacaq.

Layihə çərçivəsində iştirakçılara gələcəkdə işlə təmin olunmalarına kömək məqsədilə Bakı şəhərində kompüter kursları təşkil ediləcək. Eyni zamanda, layihədə nəzərdə tutulan rayonlarda məşğulluq mərkəzlərinə müraciət edən şəxslərə gələcək bizneslərinin inkişafına köməklik göstərmək üçün özünəməşğulluq proqramı daxilində təklif olunan sahənin seçimi üzrə təlimlər keçiriləcək.

Layihənin fəaliyyət planına əsasən özünüməşğulluq proqramına cəlb olunmaq istəyən həssas qrupla martın 14-dən 18-dək Dövlət Məşğulluq Agentliyinin 17 saylı Ərazi Məşğulluq filialının əhatə etdiyi Beyləqan, Füzuli və Ağcabədi rayonlarında təlimlər təşkil olunacaq.

Qeyd olunub ki, Xocavənd rayonunun təlim iştirakçıları ilə Beyləqan rayonunda, Laçın rayonunun təlim iştirakçıları ilə isə Ağcabədi rayonunda təlim keçiriləcək.

Bildirilib ki, təşkil edilən həmin layihə nəticəsində iştirakçılar müəyyən bilik və bacarığa yiyələnəcək, onların işlə təmin olunması üçün zəmin yaranacaq, həyat tərzləri daha da yaxşılaşacaq və həyata baxışları dəyişəcək.

Həssas qrupa aid olan insanlar öz imkan və qabiliyyətlərini düzgün qiymətləndirərək gələcək fərdi sahibkarlıq istiqamətində uğurlara nail ola biləcəklər.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Oxşar xəbərlər