Bu gün qəhrəman şəhidimiz Vətən müharibəsi qəhrəmanlarından olan baş leytenant, şəhid Rauf Vaqif oğlu Əsgərovun doğum günüdür. O, 1978-ci il noyabrın 2-də Gəncə şəhərində dünyaya gəlib. 44 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.
O, “Varındır ver, yoxundur götür” xeyriyyə mağazasına daim yardımlar edib. Anası Briliyant Əsgərovanın dediyinə görə, yas məclisində tanımadığı adamlar gəlib Hacı Raufun onlara etdiyi yardımlardan danışıblar. Halbuki bunlardan nə ailəsinin, nə də yaxınlarının xəbəri olub. Özünə məxsus atı belə satıb, başqa bir şəxsin borcunu ödəyib. Vətənpərvərlik hissi Raufda hələ uşaq yaşlarından özünü göstərib. 20 Yanvar hadisələrindən sonra o, təhsil aldığı məktəbin rus bölməsindən çıxıb. Uşaq olsa da, “meydan hərəkatları”na qoşulub. “Tovuz hadisələri”ndən sonra könüllü şəkildə Orduya yazılıb. “AzerGold” QSC-nin Təmir-tikinti və Energetika Şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışan Rauf Əsgərov Vətən müharibəsi başlayanda işini, ailəsini geridə qoyaraq könüllü döyüşə yollanıb.
Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən baş leytenant 2020-ci il oktyabrın 26-da də Mərdinli kəndində şəhadətə ucalıb. 3 övladı Vətənə yadigar qalıb.
Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Rauf Əsgərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Uşaqları ataları haqqında kövrək, göz yaşıyla danışırlar. Qızı deyir ki, atam deyirdi torpaqlarımızı işğaldan azad edək, sizi Şuşaya aparacam...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD