09.05.2025, 04:52
AZ EN
30.10.2023, 09:00 402

Oğlumla qürur duyuram

XƏBƏRLƏR
  • Emil Birinci Qarabağ Müharibəsi zamanı dünyaya gəlmişdi. Kim bilərdi ki, o böyüyüb Ermənistanın havadarları ilə işğal etdiyi torpaqlarımızı düşməndən azad edən qəhəmanlarımızdan biri olacaq. O, müddətdən artıq hərbi qulluqçu kimi həmişə bu günü gözləmişdi: Müharibə başlayacaq və o yağı düşməndən torpaqlarımızı geri qaytararaq qəhrəman şəhidlərimizin qisasını alacaq. Emil arzusuna çatdı, Vətən torpaqlarını düşmənlə qəhrəmancasına vuruşaraq özümüzə qaytaran igid oğulların sırasında yer aldı. O, bu müqəddəs yolda canını belə əsirgəmədi...

Bu gün qəhrəman şəhidimiz Emil Mayis oğlu Fətəliyevin doğum günüdür. O, 1992-ci il oktyabrın 30-da Qax rayonunun Qorağan kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Emil Fətəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Emil Fətəliyev oktyabrın 22-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla doğulduğu Qax rayonunda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Emil Fətəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası deyir ki, Emil döyüşlərə Murovdağ istiqamətindən başlayıb. Sonra Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində vuruşub. Axırıncı döyüşləri  isə Xocavənd və Şuşa ətrafında olub. Mən oğlumla qürur duyuram.

Emilin anası da onunla bağlı ürək yanğısı ilə danışır. Şəhid anası deyir ki, Emil evin sonbeşiyi olsa da, qayğıkeş idi. Fəxr edirəm ki, Emil kimi bir oğulun anasıyam.

Emil Fətəliyev 28 yaşına bir həftə qalmış Vətən uğrunda şəhadətə ucalıb...  

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər