Agentlikdən verilən məlumata görə, layihə çərçivəsində Qərbi Azərbaycandan qovulmuş, hazırda Fransada yaşayan ictimai xadim Zaur Sadıqbəyli, İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslinin davamçısı, hazırda Almaniyada yaşayan Amir Ali Sardari İravaninin Bakıya səfərləri təşkil edilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qonaqlarla görüş keçirilib. Z.Sadıqbəyli və A.A.Sardari doğma yurd yerlərinə qayıdış həsrəti ilə yaşadıqlarını, bir gün də olsun buna ümidlərini itirmədiklərini bildiriblər.
“Vətəndaşların Sosial Rifahı naminə” İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib ki, layihə çərçivəsində Qərbi Azərbaycanı təmsil edən həmvətənlərimizin Bakıda bir sıra tədbirlərdə iştirakları nəzərdə tutulur.
Görüşdə beynəlxalq platformalarda Qərbi Azərbaycandan qaçqın düşən azərbaycanlıların hüquqlarının müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə uyğun sülhsevər qayıdış konsepsiyasının həyata keçirilməsi üçün fəaliyyətin gücləndirilməsinin vacibliyindən danışılıb. (AZƏRTAC)