23.11.2024, 04:03
AZ EN
27.10.2023, 08:10 289

Bir ailədən beş döyüşçü – 2 şəhid, 3 qazi…

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində savaşanda Faiqin 18 yaşı var idi. O zaman Azərbaycan Milli Ordusunun sıralarında əsgər idi. Özündən böyük qardaşı Həsən Qorxmaz kimi tanınan Həsənqulu Qasımov Birinci Qarabağ müharibəsində şəhid olduqdan sonra onun qisasını almaq üçün hərbçi olmağa qərar verdi. Vətən müharibəsində Həsənqulunun qisasını almağı bacardı, lakin özü də şəhadətə yüksəldi…

Bunu Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Faiq Qasımovun bacısı Ruqiyyə Qasımova deyib.

O, fikirlərinə belə davam edib: “Əslən Qubadlı rayonundanıq. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlananda qardaşlarım da digər Vətən övladları kimi döyüşə atıldılar. Faiq 1991-ci ildə döyüşmək istəsə də yaşı çatmadığından icazə verilmədi. Yalnız 1992-ci ildə 18 yaşı tamam olandan sonra Azərbaycan Ordusunun əsgəri kimi ərazi bütövlüyümüz uğrunda savaşa qoşuldu. O zaman digər qardaşım leytenant Həsənqulu Qasımov da rota komandiri kimi müharibədə iştirak edirdi. Ona şücaətinə görə “Qorxmaz” ləqəbi verilmişdi, Həsən Qorxmaz kimi tanınırdı. Həsənqulu Qubadlıda şəhid olandan sonra Faiq onun qisasını alacağına əhd etmişdi. Buna görə də hərbçi olmağı qərara aldı. Faiq Vətən müharibəsinə qədər 30 ilə yaxın müddət idi Azərbaycan Ordusunda xidmət edirdi. Şəhid general-mayor Polad Həşimovla birlikdə hərbi məktəbi bitirənlərdəndir. O, 2016-cı il Aprel döyüşlərində öz dəstəsi ilə Ohanyan səddini ilk dəfə yarıb keçənlərdən idi. Tovuz döyüşlərində Polad Həşimovun şəhid olması Faiqi çox sarsıtmışdı. Alacağı qisasın üstünə sanki biri də əlavə olunmuşdu. Vətən müharibəsi başlananda döyüşlərə Füzuli rayonu istiqamətindən qoşulan Faiq sentyabrın 27-dən 28-nə keçən gecə elə həmin rayon uğrunda aparılan hərbi əməliyyatlarda şəhid oldu. Faiq Həsənqulunun yanına üzüağ getdi. Onun qisasını ala bildi, lakin çox təəssüf ki, Qələbəni, Qubadlının azad olduğunu görmək ona nəsib olmadı. Faiq özü başladığı işi özü də bitirdi…

Digər qardaşım Əhliyyət Qasımov Birinci Qarabağ müharibəsi qazisi idi. Əhliyyət polis idi, 1994-cü ildə Horadiz əməliyyatı zamanı ağır yaralanmışdı, hətta böyrəklərindən birini itirmişdi. Ondan sonra sağlamlığı bərpa olmadı, 1998-ci ildə dünyasını dəyişdi. Çox təəssüf edirəm ki, hər üç qardaşım uğrunda canlarını, sağlamlıqlarını verdikləri torpaqların düşmən tapdağından xilas olunduğunu görə bilmədi.

Şəhidin qardaşı, Birinci Qarabağ qazisi Gəray Qasımov ailədə altı qardaşdan beşinin ərazi bütövlüyümüz uğrunda savaşdığını qeyd edib: “Atamız 45 yaşında dünyasını dəyişdi, qardaşlardan böyüyü mən idim. Onları özüm böyütdüm, özüm də əllərimlə torpağa verdim. Birinci Qarabağ müharibəsi savaşında iştirak etmişəm. Həlledici savaşda döyüşmək nəsib olmasa da Faiq hər birimizin əvəzinə mübarizə apardı. Mın fəxr edirəm ki, Qubadlının Qayalı kəndində bir ailənin beş döyüşçü üzvündən biriyəm. Elə qardaşları itirmək ağır olsa da azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması, həmin torpaqların sakinlərinin yavaş-yavaş yurd-yuvalarına dönməsi ilə təsəlli tapıram. Doğma Qubadlımıza, Qayalı kəndinə dönəndə qardaşlarımın ruhu dinclik tapacaq”.

Qeyd edək ki, polkovnik-leytenant Faiq Qasımov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər