24.04.2025, 14:22
AZ EN
19.10.2023, 13:57 299

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icra xərcləri artır

XƏBƏRLƏR
Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakerli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgərən, Ağdərə və digər ərazilərdə suverenliyimizin bərpa olunmasından sonra "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına tələb olunan vəsaitin həcminin artırılmasına ehtiyac yaranıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib. Qeyd edilib ki, 2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Belə ki, 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 

Bu ilin dövlət büdcəsində sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.
 
Mütəxəssislərin bildirdiyinə görə, Xankəndi, Xocalı, Əsgərən, Ağdərə və digər ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma tədbirlərlə əlaqədar  "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na yenidən baxılması zərurətə çevrilib. Belə olan halda Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş xərclərin artırılması qaçılmaz olacaq.
 
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında bu ilin 9 ayında 3 milyard 741 milyon manat məbləğində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 579,1 milyon manat və ya 1,7 dəfə çox) maliyyələşdirmə aparılıb. Bu isə həmin dövrdə eyni məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 77,9 faizinə bərabərdir. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə dövlət büdcəsindən ümumilikdə 4,8 milyard manat xərclənməsi nəzərdə tutulur.
 
Elxan SALAHOV
Oxşar xəbərlər