10.06.2025, 22:38
AZ EN
05.10.2023, 10:52 514

Dürdanə Ağayeva: “Balasanyan ayağını üzümə qoyub dilimi kəsmək istəyirdi”

XƏBƏRLƏR
  • Saxlanılan separatçılar arasında Azərbaycan ictimaiyyətinin görmək istədiyi əsas soyadlardan biri Vitali Balasanyandı. Vitali Balasanyanın Natiq Qasımova verdiyi işgənlələrdən reportajlar görmüşdük onun vəhşiliklərini və müharibə cinayətlərinin şahidi olmuşduq...

ARB-nin Vitali Balasanyanın zülmünü görən canlı şahidlərdən hazırladığı reportaja baxdıqca, onları dinlədikcə adamın qanı donur...

8 gün erməni əsirliyində qalan Xocalı sakini Dürdanə Ağayeva əsirlikdə yaşadığı dəhşətlərdən ürək ağrısıyla danışır: “Elə sirr var ki, mən onu böyük qızıma da yox, heç yoldaşıma da danışmamışam. Danışmayacam da, o sirr mənimlə qəbrə gedəcək. Elə şeylər var ki, onu dilə gətirmək mümkün deyil. Vitali Balasanyanın vəhşiliyi, zalimliyi yadımdan heç vaxt çıxmaz. Onun icazəsi olmadan heç kim orda ölməzdi. Onun icazəsi olmadan da ora heç kim girməzdi. Onun icazəsi olmadan heç kimə su verilməzdi. Dubinkanı elə vururdular adamın kürəyinə, elə təsir edirdi ki, adam nəfəs ala bilmirdi. Elə bilirdin ki, ağciyərini əllərində sıxıblar nəfəsin çıxmır. Yerə yıxıb ayağını üzümə qoyub dilimi çıxarırdı ki, dilimi kəssin. Niyə?.. Məni otuzdurdular bir otaqda. Hansı ki, Balasanyan gəlib o otaqda otururdu. Mənə dedilər ki, gözlə. Bilmirəm nədi. Gördüm qapı açıldı, bizim uşaqlardan 15, 20 nəfər oğlan hamısını yığdılar ora. Gözümün qabağında başladılar onları döyməyə. Əlimlə üzümü tutdum, dubinka ilə əlimin üstündən vururdular ki, bax, bax sizdən artıq heç kim qalmayacaq... Zirzəminin koridoruna çıxanda görürdük ki, divarlar  hamısı qan içindədi... Bir gün qapını döyüb su istədim, susuzluğa dayana bilmirdim. O vaxtlar balaca hərbi kuruşqalar vardı, onda gətirib verdi mənə, içmək istəyəndə gördüm ki, sidik iyi gəlir, atdım yerə. Yerə atanda gəlib məni döydü ki, niyə içmədin... Erməni cəlladları bizə belə zülm ediblər. Mən onu unuda bilərəmmi? Bizim saçımızdan tutub döyür, işgəncə verirdilər... 

Amma bu gün bizim hərbçilərimiz onların qadınlarını maşından düşürmürdülər, qapını açıb onlara su verirdilər, yemək paylayırdılar. Çünki biz belə öyrədiblər. Çünki bizi mərhəmət hissiylə aşılayıblar. Çünki biz zalim deyilik. Düşmən də olsa, düşmənin qadınına, uşağına, qocasına toxunmuruq, onlara əl qaldırmırıq...  

Dürdanə xanım sonra söhbətinə davam edir: “Mən əsirlikdən çıxanda qardaşımı vermirdilər. Gəlib mənə dedilər ki, Vitali Balasanyan səni çağırır. Orda da qoymurdular mən ayaq üstə hərəkət edim, iməkləyə-iməkləyə getdim, dizlərimizin üstündə qapının ağzında oturdum. Balasanyan mənə dedi ki, səni Allahverdi Bağırov yaman tələb edir. Deyir ki, mənim orda bir rabitəçi qızım var. Onu burax. Mən səni buraxacam. Mən isə Balasanyana dedim ki, sizdən bir əstəyim var. Mənim qardaşım burdadır, mənimlə bərabər əsir götürülüb. Onu buraxın, mənim heç kimim qalmayıb. O, mənə kinayəli baxıb dedi ki, qardaşını istəyirsən məndən?  Dedim bəli, qardaşımı istəyirəm. Paroya dedi ki, qardaşının adını de. Dedim Elşad. Dedi ki, gör öldürməyiblər? Yəni öldürtdürən də özü idi, kəsdirdirən də özü idi, saxlayan da özü idi və bir az keçmədi qardaşım qapıdan içəri girdi. Mən qardaşımın dizlərini qucaqlayıb ayaqqablarından öpdüm və Karo məni yenə onun gözünün qabağında döydü...Əsirlikdə qaldığım 8 günüm 80 il oldu. Orda mən qocaldım çıxdım. Çox oyunlar aşdı başımıza, çox. Məhv elədilər bizi. Mənim bu günümün səbəbkarı Balasanyan oldu. Mən qara saçlı qız idim, hörüyüm topuğumdan idi. Görün nə günə düşmüşəm,  ankoloji xəstəyəm. Həkim mənə deyir ki, 30 faiz sağlamlığın qalıb. Kim aldı onu məndən, erməni, Balasanyan kimi cəlladlar. Xoşbəxtliyimi, təhsilimi, gələcəyimi aldı məndən. Həyatımı məhv elədi. Mən orda məhv oldum...

“Deyirəm elə ola ki, Vitali Balasanyanı gətirələr o Hökumət evinin qarşısına,  dənizə olan tərəfə, ora enlidir axı. Orda onu bir stolda otuzduralar. Bizim Xocalıdan kim ki, qurtarıb əsirlikdən, Balasanyanla üz-üzə gəlibsə, o adamları ön cərgəyə düzələr və bütün xocalılar da gələ. Biz ona suallar verək. Görək o, söz tapacaqmı bizə deməyə...”!

Elşad Ağayev Xocalı sakini:

-1-2-3 yaşında uşaq çörək su istəyir, anasının qucağındadır, təpiklə vurub anasının qucağından yerə atırdılar. Balasanyan girirdi kameralara hamımızı döyürdü, olmazın işgəncələr verirdi, ancaq özü edirdi. Güllə ilə vururdu, sürüyə-sürüyə aparırdı. Birinin əlində stol qırığı, birinin əlində armatur, uqolnik, aftomatın qundağı ilə, dubinka ilə başımıza, gözümüzə, ayağımızı qaldırıb altına o qədər vururdular ki, ayağa dura bilmirdik. Bizi sürüyüb atırdılar kameraya. Başımda, dodağımda, kürəyimdə, bədənimin hər yerində onların işgəncələrini izi var, ağrısı var...

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər