86 yaşlı Xankəndi sakini Qəmbər Məhərrəmov həmin günü İctimai Televiziyanın onunla bağlı hazırladığı sujetdə xatırlayır.
86 yaşının astanasında olan Qəmbər Məhərrəmov Xankəndində bənna işləyib. Şəhərin, abidələrin tikilib qurulmasında onun da əlinin zəhməti çox olub. Deyir ki, Xankəndinin girişində inşa edilən “biz və bizim dağlar” abidəsinin təməli qoyularkən mən də orda idim. Həmin abidə akasiya meşəsi qırılaraq onun yerində ucaldılıb.
“Bir bazar günü idi, Ağdamdan gəlirdim. Gördüm ki, traktorla oranı plaşatqa eləyiblər. Soruşdum ki, burda nə olacaq?
-Dedilər ki, Vaqifin heykəlini qoyacayıq burda. Biz getdik ora, gördük ki, plaşatqanı qazıb düzəldiblər, traktor gəldi yama qazdı, tökəndə nə isə bir turbaydı, nəydi saldı betonunu içinə. İndi mən də onu elə başa düşürəm ki, bunu ona görə edirlmişlər ki, guya burada lap çoxdan yaşamışıq, gəlin, tariximizə baxın. Yəni o tarixdə elə yazıblar.
Qəmbər dayı köhnə şəkilləri göstərib deyir ki, ermənilərlə birgə yaşayıb birgə işləmişik. Lakin onlar üzdə dost görünsələr də, məkrli niyyətlərindən əl çəkməyiblər.
Qəmbər Məhərrəmov həmin hadisələrdən danışır: “Bir gün bizə dedilər ki, şəhərin ayağında beş mərtəbəli binalar tikirlər. Hamısını tikib qurtarıblar, amma torpaq içində qalıb. Rəis bizə dedi ki, sizin biriqada gedəcək o tikintinin altın təmizləməyə. Getdik ki, bütün torpaqlarvə digər tullantılar tikintinin içində qalıb, hardasa bir aya kimi oranı təmizlədik.
Xankəndinin hər hər küçəsində, hər tikilisində əziyyəti olan Qəmbər dayı çəkdiyi zəhmətin müqabilində avtomobil alır. Doğma şəhərini də elə bu avtomobillə dərk edir. Danışır ki, qaça-qaç vaxtı kənddə maşın qalmamışdı, təkcə mənim maşınım qalmışdı. Dayım oğlunun nəvəsi gəlib mənə dedi ki, Qəmbər əmi, niyə oturmusan? Dedim neynəlim, dedi ki, kənddə maşın qalmayıb. Hamısını çıxarıblar. Bunu çıxarmaq lazımdır. Onunla oturduq Şuşa yolu ilə Laçına doğru yola çıxdıq. Hər tərəf qar idi...
Bu maşını Qəmbər Məhərrəmovun çətin günlərinin şahidi, dayağı və köməyi olub. Qışın soyuğundan qorunmaq üçün odun belə daşıyıb bu maşınla. İndi isə çətin günlər arxada qalıb. Qəmbər Məhərrəmov 45 yaşlı maşını ilə doğma şəhərinə qayıdacağı günü səbirsizliklə gözləyir. Şəhərdə tikiləcək yeni abidələrdə onun da əlinin əməyi olsun deyə...
Hazırladı: Tahirə AĞAMİRZƏ