Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, Kəlbəcər rayon Polis şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin, antiterror əməliyyatından və əhalinin sosial müdafiəsinə, rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırıblar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Hazırladı: Mina RƏŞİD