09.06.2025, 11:15
AZ EN
20.09.2023, 09:00 333

Şuşada şəhadətə ucalan qəhrəman

XƏBƏRLƏR
  • Cəlil hərbi xidmətə yollananda hələ Vətən müharibəsi başlamamışdı. Amma o gedəndə torpaqlarımızı işğaldan azad edib geri dönəcəm, demişdi. Cəlil geri dönməsə də, bu arzusuna çatdı və torpaqlarımızı azad edən igid oğullardan biri kimi adını qanıyla Şanlı Zəfər Tariximizə  yazdı. Bu gün qəhrəman şəhidimizin doğum günüdür.

Cəlil Qəhrəman oğlu Məmmədov 1999-cu il sentyabrın 20-də Qubanın Qonaqkənd qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi və Quba Dövlət Sosial İqtisad Kollecini müvəffəqiyyətlə başa vurub. Cəlil hərbi xidmətini bitirib ali təhsil almaq, müəllim olmaq istəyirdi.

2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəlil Məmmədov ordumuzun mərd əsgəri kimi qanlı döyüşlərə qatılıb. O, Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin sonunda noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi onun komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub.

Şəhidimiz 2020-ci il noyabrın 12-də dünyaya gəldiyi Qonaqkənd qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Cəlil Qəhrəman oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin atası Qəhrəman Məmmədov bildirir ki, oğlu Vətən müharibəsində daim düşmənə qan udduran həmlə qruplarında yer alıb.

“Döyüş yoldaşlarının bildirdiyinə görə, oğlum Şuşanın azad olunmasına saatlar qalarkən şəhidlik zirvəsinə ucalıb. Yaxınlıqda minaatan mərmisi partlayıb. Döyüş yoldaşları, o cümlədən, komandiri ağır yaralanıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərmi onun yanında partlayıb. Bu partlayış oğlumun şəhid olmasına səbəb olub. Amma Şuşa onun döyüş yoldaşları tərəfindən azad olundu. Oğlumun ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin” - deyə, şəhidin atası söyləyib.

Cəlil evin böyük oğlu idi. Onun özündən kiçik iki qardaşı var.

“Cəlil sözəbaxan, mehriban oğul idi. Məktəbdə də dərslərini yaxşı oxuyurdu. Kolleci bitirsə də özünə söz vermişdi ki, ali məktəbə də daxil olub müəllim olacaq. Əsgərliyə gedəndə də deyirdi ki, mən torpaqlarımızı alıb qayıdacağam. Torpaqlarımızı azad etdi, amma özü şəhid olub qayıtdı. Şəhid analarına səbir diləyirəm. Oğullarımız Vətən uğrunda şəhid olublar” - deyə, şəhidin anası Məkan Məmmədova bildirib.

Qardaşı İntiqam Cəlildən bir yaş kiçik olsa da, məktəbdə onunla eyni sinifdə oxuyub: “Müəllimlər Cəlili həmişə mənə nümunə göstərirdilər. Deyirdilər onun kimi intizamlı ol, dərslərini Cəlil kimi oxu. O, mənə qardaş olmaqla bərabər, həm də sinif yoldaşı, dost idi. Fəxr edirəm ki, Cəlil mənim qardaşımdır. Biz hərbi komissarlığa bir yerdə getmişdik. Onu hərbi xidmətə apardılar, mənə isə möhlət verildi. Qardaşım mənə deyirdi ki, narahat olma, mən buradayam, torpaqlarımızı düşməndən azad edib qayıdacağam...”

Cəlil minlərlə Azərbaycan övladı kimi torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalaraq gənc ömrünü Vətənə bağışladı.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Cəlil balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər