01.08.2025, 18:48
AZ EN
19.09.2023, 09:00 342

Mən şəhid olacağam

XƏBƏRLƏR
  • Anası İslamla qardaşını tək böyütmüşdü. Ataları tez rəhmətə getdiyindən iki azyaşlı qardaşın üzərinə daha böyük məsuliyyət düşürdü. Ailə illərlə kirayədə qaldıqdan sonra nəhayət üç il idi ki, ev almışdılar. Amma nə İslama, nə də qardaşı Əliyə həmin evdə yaşamaq nəsib olmadı. Vətən müharibəsinin ilk həlledici qanlı döyüşlərində hər iki qardaş sinələrini doğma yurda sipər edərək şəhadətə ucaldılar.   

Bu gün həmin Şəhid qardaşlardan biri - İslam Əhmədovun doğum günüdür. İslam İlqar oğlu Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub. İslam orta məktəbi bitirib, hərbi xidmətini başa vurub və ali təhsil almışdı. Ancaq o, yenidən hərbi sahəyə üz tutmuş, MAXE kimi Vətənə xidmətə başlamışdı.   

Azərbaycan Ordusunun əsgəri olan İslam Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Elə həmin qanlı döyüşlərdə müharibənin ilk günündə Füzulidə qəhrəmancasına şəhadətə ucalıb.
İslam Əhmədov sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən İslam Əhmədov ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onu da qeyd edək ki, İslam hərbçi kimi hələ sağlığında da bir çox mükafatlara sahib olmuşdu.

Anası deyir ki, İslam həmişə şəhid olacağını söyləyirdi. Deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib.
Cəbhəyə yollananda anasını qohumlarına tapşırıb. İslam anasını çox sevirmiş...

İndi Mingəçevirin Günəşli qəsəbəsində iki qardaşın aldığı ev onların ev muzeyinə çevrilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər