Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq tədbirin əhəmiyyətinə toxunub, mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkib. Dövlətimizin başçısının əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daim xüsusi həssaslıqla yanaşdığını bildirən Komissiya sədri Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində son illərdə görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli məhrumiyyətlərə məruz qalıb. Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər. Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşüb.
Dövlət Komissiyasının sədri itkin düşmüş şəxslərə aid olması ehtimal edilən məzar yerlərində 2021-ci ilin fevralından başlayaraq aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsinin intensiv şəkildə həyata keçirildiyini deyib. Əli Nağıyev Prezident İlham Əliyevin tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin tərkibində yaradılmış və ən müasir avadanlıqla təchiz edilmiş genetik laboratoriyada meyit qalıqlarının eyniləşdirilməsi imkanlarından söhbət açaraq, Komissiyanın fəaliyyətinə və itkin vətəndaşlarımızın taleyinin müəyyən edilməsi işinə göstərdiyi dəstəyə və diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını ifadə edib. Qeyd edib ki, artıq şəxsiyyəti müəyyənləşdirilmiş 25 nəfərdən 13-ü həmin genetik laboratoriyada eyniləşdirilib.
Qeyd olunub ki, son günlər ərzində eyniləşdirilməsi aparılan və ictimaiyyətə açıqlanan 15 nəfərdən başqa, Dövlət Komissiyasının səyləri və görülən təxirəsalınmaz tədbirlərlə konfrans ərəfəsində 1-i mülki şəxs və 9-u hərbçi olmaqla 10 vətəndaşımızın meyit qalıqları eyniləşdirilib. Xidmət rəisi Əli Nağıyev onların sırasından Azərbaycanın Milli Qəhrəmanı, vaxtilə təhlükəsizlik orqanlarının əməkdaşı olmuş, Birinci Qarabağ müharibəsində böyük igidlik və şücaət göstərmiş, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüş Riad Əhmədovun müəyyən edilməsinin ciddi ictimai hadisə olduğunu xüsusi vurğulayıb.
Dövlət Komissiyasının sədri Ermənistanın qeyri-konstruktiv və humanizmə zidd addımlarından əl çəkməklə, dəqiq mina xəritələrini və məzar yerləri barədə məlumatları təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın axtarışı prosesinin daha sürətlə aparıla biləcəyindən də danışıb. Əli Nağıyev rəsmi Yerevanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırıb və bildirib ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə və xeyli müddətdir davam edən humanitar böhranın aradan qaldırılmasına səbəb olardı.
Bəzi erməni ideoloqların azərbaycanlılarla ermənilərin birgə yaşamasının qeyri-mümkünlüyünə dair fikirlərinə də münasibət bildirən Komissiya sədri monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütün xalqların nümayəndələri ilə yanaşı, ermənilərin də daim sülh və rifah içində yaşadıqlarını nəzərə çatdırıb, ölkəmizin erməni əhalisini azərbaycanlılarla birgəyaşayış mühitini formalaşdırmağa dəvət edib.
Əli Nağıyev beynəlxalq konfransın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu söyləyib, tədbirdə iştirak edən müvafiq sahə üzrə ixtisaslaşmış alim və mütəxəssislərə bilik və təcrübələrini bölüşdükləri üçün minnətdarlığını çatdırıb. O, gələcəkdə görüləcək işlər sayəsində itkin düşmüş digər vətəndaşlarımızın da taleyinə tezliklə aydınlıq gələcəyinə, bu işdə Dövlət Komissiyasının beynəlxalq humanitar təşkilatlarla birgə fəaliyyətinin daha nəticəyönümlü olacağına inandığını, itkinlərin tapılması məqsədilə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da bütün mümkün imkanlar səfərbər olunmaqla lazımi səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Sonra itkin düşmüş şəxslərin probleminə dair pantomima səhnəcik təqdim olunub.
Daha sonra konfrans işini sessiyalarla davam etdirib.
“İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri” mövzusunda birinci sessiyada Meksikadan olan müstəqil ekspert Kristofer Ballinas Valdes moderatorluq edib.
İclasda əsas məruzəçi qismində çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, ölkəmiz 30 ildir itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi problemindən əziyyət çəkir. “Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır”, - deyən nazir müavini insanların qeyri-qanuni şəkildə girov götürülməsini insan hüquqlarına zidd addım adlandırıb. Mina problemi məsələsinə toxunan F.Rzayev bununla bağlı ölkələr arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Nazir müavini deyib ki, dünya miqyasında itkin düşənlərin sayında kəskin artım olub. “Son beş ildə bu rəqəm təxminən iki dəfə artaraq 200 min nəfərə çatıb. Bütün bunlar dövlətlərin və müvafiq beynəlxalq təşkilatların daha çox səy göstərməsini tələb edir. Qarşılıqlı yardım məlumat mübadiləsi, qurbanlara yardım, itkin düşmüş şəxslərin kütləvi surətdə müəyyənləşdirilməsi ilə bağlı işlərin səmərəli həlli üçün əməkdaşlığı vacib edir”, - deyə F.Rzayev qeyd edib.
İclasda, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyinin rəhbəri xanım Florence Anselmo, İtkin düşmüş şəxslər üzrə beynəlxalq komissiyanın Siyasət və əməkdaşlıq direktoru Andreas Kleiser, Beynəlxalq insan haqları hüququ, BMT sistemi üzrə ekspert, Misir Britaniya Universitetində qonaq professor Afərin Şahidzadə və digər şəxslər çıxış edərək itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Eləcə də Serbiyanın sabiq Prezidenti Boris Tadiçin videomüraciəti dinlənilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhkəmə koordinatoru xanım Elif Günçenin moderatorluq etdiyi “İtkin düşmüş şəxslərin problemi ilə bağlı irəliləyişlər və problemlər, o cümlədən məhkəmə ekspertizasından və digər inkişaf etməkdə olan texnologiyalardan istifadə etməklə itkin düşmüş şəxslərin qalıqlarının yerinin effektiv müəyyən edilməsi” mövzusunda ikinci sessiyada çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-hərbi prokuror Xanlar Vəliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb. O cümlədən Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28 şəxs, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində 9, Şuşa şəhərində keçmiş həbsxananın ərazisində 31, ümumilikdə isə 107 şəxsə aid meyit qalıqları aşkarlanıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri zamanı bu günədək Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır. Bununla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın şəhər və rayonlarının ərazisində yerləşən qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarında aparılmış ekshumasiya nəticəsində 183 şəxsə aid meyit qalıqları aşkar edilib. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 nəfərdən yalnız 120 şəxsin meyit qalıqları Ermənistan tərəfindən təhvil verilib. Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülmüş və həmin nümunələrdən çıxarılan genetik profillər aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsubluğu, ölümün səbəbi və s. sualların aydınlaşdırılması üçün Hərbi Prokurorluq tərəfindən 349 məhkəmə-tibbi kriminalistik ekspertizası, 305 məhkəmə molekulyar genetik ekspertizası təyin olunub.
Həmçinin bildirilib ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən qəsdən yayınır. Çox təəssüf ki, Ermənistan tərəfi sözdə bir şey deyir, əməldə isə başqa hərəkət edir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin həddindən artıq minalarla və partlamamış sursatlarla çirkləndirilməsi səbəbindən həmin ərazilərdə insan cəsəd qalıqlarının axtarışı işinin intensiv aparılması olduqca böyük çətinliklər yaradır.
İclasda, həmçinin Bosniya və Herseqovina Nazirlər Şurasının sabiq sədri Zlatko Lagumdziyanın və İsrailin sabiq Baş naziri, xarici işlər və ədliyyə naziri xanım Tzipi Livninin və müstəqil məhkəmə eksperti Luis Fondebriderin videomüraciətləri dinlənilib. Bundan başqa, Serbiyanın itkin düşmüş şəxslərlə iş üzrə komissiyasının İşçi qrupunun rəhbərinin müavini, məhkəmə eksperti xanım Suzana Mateyiç, məhkəmə ekspertizası koordinatoru xanım Sandra Sostariç və digər şəxslər çıxış ediblər.
Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluq etdiyi “Təsirə məruz qalan ölkələrin nümayəndələrinin iştirakı ilə təcrübə mübadiləsi” mövzusunda üçüncü sessiyada Bolqarıstanın və Xorvatiyanın sabiq prezidentləri Rosen Plevneliyev və İvo Yosipoviçin videomüraciətləri dinlənilib.
İclasda çıxış edən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, təxirəsalınmaz tədbirlər nəticəsində mütəxəssislərimiz tərəfindən itkin düşmüş 25 nəfərin identifikasiyası mümkün olub. Onlardan 15 nəfəri barədə cari ilin avqust ayında ictimaiyyətə məlumat verilmişdi. Daha 10 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 9-u hərbçi, 1-i isə mülki şəxsdir. Həmin şəxslər Tahirov Seyfulla Veytulla oğlu, Atamoğlanov Əbülfət Sabir oğlu, Hacıyev Təhsin Fikran oğlu, Əsədov Vüqar Habil oğlu, Babaşov Əhməd Tahir oğlu, Xələfov Cahangir Məmi oğlu, Nağıyev Cahid Şəfa oğlu, Məmmədov Elmar İnqilab oğlu, Qasımov Veysəl Qasım oğlu və Əhmədov Riad Fikrət oğludur. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi və yeni imkanların yaradılması sahəsində paralel olaraq işlər davam etdirilib.
Həmçinin vurğulanıb ki, Ermənistanın hərbi təxribatlarına qarşı 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində ölkəmizin ərazilərinin işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratdı. Hazırda həmin ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərini aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir.
Birinci Qarabağ müharibəsində döyüş bölgəsindən çıxarılaraq Azərbaycanın bir neçə yaşayış məntəqəsindəki Şəhidlər xiyabanlarında və qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş 200-ə yaxın şəhid məzarı müəyyənləşdirilərək qeydiyyata alındığını qeyd edən Komissiyanın İşçi qrupunun rəhbəri bildirib: “Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilib. Komissiyada olan məlumatların təhlili göstərir ki, azad edilmiş, o cümlədən hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərimizdə çoxsaylı məzar yerləri mövcuddur. Eyni zamanda, bu sahədə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir. Əldə edilmiş razılığa uyğun olaraq ötən il qurum tərəfindən müəyyən məlumatlar Dövlət Komissiyasına təqdim edilib. Toplanmış məlumatlar əsasında məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib. Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri həyata keçirilir. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini davam etdirir”.
İclasda, həmçinin Bosniya və Herseqovinanın İtkinlər İnstitutunun İdarə Heyətinin sədri Nikola Perişiç, Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf ofisinin humanitar müşaviri Fred Robarts və digər şəxslər mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər.
“Hökumətlər və itkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq” mövzusunda sonuncu – dördüncü sessiyada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Şaban Şayev moderatorluq edib. İclasda Azərbaycandan, Bosniya və Herseqovinadan olan ailələrin üzvləri çıxış edib, İtkin düşmüş şəxslər ilə iş üzrə cavabdeh Peru hökuməti nümayəndəsinin və İtkin düşmüş şəxslər üzrə hökumətə məsləhətçı qismində çıxış edən Kolumbiya ailə assosiasiyası nümayəndəsinin videomüraciətləri dinlənilib.
Konfransın bağlanış mərasimində əvvəlcə yekun Bəyannamə qəbul edilib.
Tədbirə yekun vuran Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov gün ərzində məzmunlu, əhatəli, nəzəri və yüksək təcrübəyə əsaslanan məruzə və çıxışların dinlənildiyini qeyd edib. Bildirib ki, konfrans həm də əməkdaşlıq imkanlarının artırılması baxımından qarşıda yeni üfüqlər açır. Azərbaycanın ədalətsiz münaqişəyə cəlb olunması və işğal faktının 30 ildən artıq davam etməsi itkinlərimizə aid naməlum məzar yerlərinin müəyyən edilməsi, qazıntı, ekshumasiya və eyniləşdirmə işlərinin aparılması sahəsində yüksək iş təcrübəsi əldə etməyə mane olub. Buna görə də hələ öyrənməli çox mətləblər və yeniliklər var.
İtkin düşmüş şəxslər probleminin təkcə Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan aktual problem olduğunu vurğulayan İ.Axundov deyib: “Hesab edirik ki, BMT bu sahəyə daha çox diqqət ayırmalı və qurumun itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi təyin edilməlidir. Biz dünyada baş verən bütün silahlı münaqişələrin tezliklə başa çatmasını, sülhün və əmin-amanlığın bərqərar olmasını, milli kimliyindən asılı olmayaraq, heç bir insanın itkin düşməməsini arzu edirik”. (AZERTAC)