20.10.2024, 07:42
AZ EN
14.09.2023, 11:28 112

Ermənistan Arazdəyəndə tikdiyi zavodunun yerini dəyişdi

XƏBƏRLƏR

Mənfur qonşumuz Azərbaycanın haqlı tələbi qarşısında növbəti dəfə geri çəkildi

  • Ermənistan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndində ABŞ sərmayəsi hesabına inşa etdiyi metallurgiya zavodunun tikintisini dayandırıb. İl ərzində 180 min ton metal məmulatları istehsal edəcək zavod başqa yerə köçürülüb və inşaat işləri yeni ünvanda – Araratda davam etdiriləcək.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayıb. Qeyd olunur ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası da Tvitter mikrobloqunda bununla bağlı fotoşəkil paylaşıb, zavodun tikintisində istifadə olunacaq inşaat materialları və avadanlıqlarının başqa yerə köçürülməsi dəstəklənib.

Xatırladaq ki, Amerika sərmayəsi ilə inşa olunan zavodun Arazdəyəndə tikilməsi Azərbaycanın etirazı ilə qarşılanmışdı Rəsmi Bakı dəfələrlə Ermənistandan tikintini dayandırmağı tələb etmişdi. Ermənilərin Naxçıvanla cəmi 800 metr məsafədə tikmək istədiyi zavod bölgədə havanın, suyun və torpağın zərərli tullantılarla çirkləndirilməsi baxımından böyük təhlükə yaratığından bu, Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmuşdu. Bildirilirdi ki, zavodunun tullantıları Araz çayına axıdılacağı təqdirdə bu, həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün ekoloji fəlakətə səbəb olacaq. Elə buna görə də “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyanın tələblərinə zidd olan zavodun tikintisinin ləğvi tələb olunurdu. Çünki həmin Konvensiyaya görə, bu beynəlxalq öhdəliyin tərəfləri, yəni indiki halda Ermənistan zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları ilə birgə baxmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədini qarşılıqlı şəkildə razılaşdırmalı, bölgəyə yaxın yaşayan əhalinin rəyini nəzərə almalıdır.

Vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi Arazdəyən kəndi Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb. Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub. Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı – 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb.

Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan  Arazdəyəni Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir.

Elxan SALAHOV

Oxşar xəbərlər