İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Dörd ay müddətində reallaşacaq layihədə öz torpaqlarından zorla qoparılmış soydaşlarımızın keçirdikləri hislər, onlara dəymiş mənəvi ziyan, yaşadıqları qaçqın həyatı barədə hekayələri lentə alınaraq, beynəlxalq ictimaiyyətə erməni zorakılığının təzahürü kimi nümayiş etdiriləcək.
Qeyd edək ki, hər biri üç dəqiqədən ibarət olan hekayələrdə erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın həyat ağrıları, xatirələri yer alacaq. Həyat hekayələrindən ibarət olan çəkiliş materiallarının son versiyasının ictimai təqdimatı oktyabr ayında keçiriləcək. (AZƏRTAC)