19.05.2024, 16:54
AZ EN
07.09.2023, 13:15 215

İki övladı olan qazimizə yeni ev tikildi

XƏBƏRLƏR
  • Vətən müharibəsi qazisi Nurlan Abbasovun cəbhədən evlərinə - Masallı rayonunun Çaxırlı kəndinə qayıtmağı doğma el-obasında əsil bayrama çevrilmişdi. Qazimiz əvvəlcə Vətən müharibəsində şəhadətə ucalan qəhrəman şəhidlərimizin məzarlarını bir-bir ziyarət edib, onların  ruhuna  dualar oxuyandan sonra evlərinə getmişdi. Həmin anlarda onlara gözaydınlığına gələnlərin sayı-hesabı yox idi. Elə həmin gün də kəndin xeyirxah insanları Nurlan üçün ayrıca, rahat bir ev tikməyi qərara almışdılar.

Bir müddətdən sonra ev hazır oldu və təqdimat mərasimi keçirildi. Hamı igid qaziyə və ailəsinə xeyir-dua verdi. Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev də, digər çıxışçılar da qazinin şərəfli döyüş yolunu fəxrlə xatırlayaraq, ölkəmizdə şəhid ailələrinə və Qarabağ qazilərinə diqqətin, qayğının bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir, eyni zamanda qədirbilən xalqımız, xeyriyyəçilər də bu savab işdən kənarda qalmır, bacardıqları qədər onlara dəstək olurlar. Bunun gözəl nümunələrindən biri də Nurlan üçün ayrıca evin tikilməsidir.   

Qeyd edək ki, Abbasov Nurlan ­Həsənalı oğlu 1990-cı il iyulun 2-də  Masallı rayonunun Çaxırlı ərazi vahidinin Sarıcəfərli kəndində anadan olub. 2007-ci ildə orta məktəbi bitirib və çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Vətənə layiqincə qulluq edib. II Qarabağ müharibəsi başlanan kimi yenidən hərbi libasını geyinib və silahlanaraq Vətənin müdafiəsinə yollanıb. Torpaqlarımızın düşməndən təmizlənməsi üçün canını, qanını belə əsirgəməyib. Elə buna görədir ki, el-oba içində alnı açıq, üzü ağ gəzir. 

Vətən müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ayağından yaralanıb, 3-cü qrup əlillik alan Nurlan Abbasov Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Qazimiz iki övlad atasıdır.

Hazırladı: Mina RƏŞİD   

Oxşar xəbərlər

SON XƏBƏRLƏR