22.12.2024, 23:10
AZ EN
30.08.2023, 10:28 179

Bütün arzularını Vətənə bağışlayan qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid, çavuş Namiq Nurəddin oğlu Bağırovun doğum günüdür. O, 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1992-2003-cü illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra ali təhsil almaq istəsə də, torpaqlarımızın düşmən tapdağı altında olması onu nahrahat edirdi. Uşaq ikən televizordan izlədiyi “20 Yanvar faciəsi”, “Xocalı faciəsi” və digər başımıza gətirilən erməni fəlakətləri onun qəlbində düşmənə nifrət hissini alovlandırmışdı.
Elə bu istəklə də Namiq çox arzusunun üstündən qələm çəkib müddətdən artıq hərbi xidmətə başladı.

Ordumuzun çavuşu Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci ilin sentyabr ayının 29-da Füzuli rayonun azad olunmasında gedən qanlı döyüşlərdə şücaətlər göstərib, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirib.

Çavuş Namiq Bağırov oktyabrın 6-da Füzuli uğrunda gedən savaşlarda qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölkə başçızsı, Ali Baş Konmandan İlham Əliyevin ərəncamlarına  əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun bir qız övladı Vətənə yadigardır.

Şəhid Namiq Bağırovun atası deyir ki, o hərbi xidmətdə həmişə uğurlar qazanıb, təşəkkürnamələr, mükafatlar alıb. Müddətdən artıq hərbi xidmətə yollandı, illərlə Vətənə xidmət elədi, onu bu işdən ayırmaq istəsək də buna nail ola bilmədik. Müharibəyə də fərəhlə yollandı. Döyüş yoldaşları deyir ki, Namiq həmişə özünü qabağa atardı. Ona nə qədər deyilsə də, sakit dayanmırdı və ölümdən qorxmurdu. Vətən sağ olsun, bütün şəhidlərimizin ruhu şad olsun.

Şəhidlər qanıyla Zəfər tarixini yazdılar və adlarını əbədi olaraq qan yaddaşımıza həkk elədilər. Vətən heç vaxt onları unutmaz. Çünki Şəhidlər ölməz.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhid qəhrəmanımız!

Mina RƏŞİD   

Oxşar xəbərlər