19.12.2024, 22:53
AZ EN
28.08.2023, 09:00 369

Səni ölənə qədər gözləyəcəm

XƏBƏRLƏR
  • Şəhid Ziyəddin Rəşidovun anası deyir ki, o çox mərd, igid bir oğul idi. Bu haqq savaşına asanlıqla gəlib çıxmamışdı. 23 yaşı vardı, hələ kimsə ondan inciməmişdi. Ata-anaya sayğılı idi, oğlum. Müharibəyə heç kim onu güclə aparmayıb, o özü getmişdi. Könüllü olaraq cəbhəyə yollanmışdı ki, öz torpaqlarımızı düşməndən azad etmək uğrunda savaşsın: “Ona  dedim ki, oğlum, məni tək qoyub getmə. Cavab verdi ki, bəs səni  kim qorumalıdı?”

Nənəsi də ağızdolusu danışır şəhid nəvəsindən: “Hər il yazda, yayda kəndə gəlirdi, 82 yaşlı babasını tumarlayırdı. Ancaq ölüm bizə yox, ona qismət oldu. Nəvəmə çox şərəfli bir ölüm - Vətən yolunda şəhdlik qismət oldu”.

Bu gün doğum günü olan qəhrəman şəhidimiz, əsgər Ziyəddin Arzu oğlu Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində doğulub. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra peşə məktəbinə daxil olub. Vətənə xidməti dövründə Aprel döyüşlərində fəal iştirak edib, yoldaşları və komandirlərinin rəğbətini qazanıb.

İkinci Qarabağ Müharibəsi ərəfəsində Z.Rəşidov sentyabrın 21-dən  təlimlərə qoşulub. Könüllü olaraq ordu sıralarına qoşulan 23 yaşlı gənc 44 günlük Vətən müharibəsində Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.  

Ziyəddin Rəşidov oktyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli döş nişanı ilə təltif olunub.

Ana qəhrəman oğlu haqqında deyir ki, Ziyəddinə əmr verilən kimi quş kimi uçdu. Bizimlə görüşməyi belə unutdu. Arxadan çağırdım ki, bala, dayan, öpüm səni. Ötəri məni öpdü, atası yaddan çıxdı. Ana, tez qayıdacağam deyib, böyük fərəhlə qaçıb getdi...

Ona görə də, anasının gözü hələ də yollardadır. Deyir ki, onu ölənə qədər gözləyəcəm.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Ziyəddin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər