09.06.2025, 10:01
AZ EN
22.02.2023, 10:51 434

Qələbə bizimdir!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından biri, gizir, şəhid Xəqani Mənsur oğlu Cəmillinin doğum günüdür. O, 1995-ci il fevralın 22-də  Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001-2012-ci illərdə Yevlax rayon Varvara kənd T.Səmədov adına tam orta məktəbdə təhsil alıb. 2013-cü il iyulun 2-də Gədəbəy rayonunun N saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Hərbi xidmətdə olduğu müddətdə ön cəhbədə düşmən postu ilə üzbəüz Vətənə qulluq edib. 2014-ci ilin avqust ayında  hərbi xidmətdə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətinə görə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

2016-cı il oktyabrın 10-dan dekabrın 4-dək Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində fəaliyyət göstərən motoatıcı taqım komandirinin müavini kursunda təlim keçib. 2016-cı il dekabrın 16-dan Ağcabədi rayonunda yerləşən hərbi hissədə gizir kimi xidmətə başlayıb. Bir neçə aydan sonra Füzuli rayonunda yerləşən hərbi hissədə fəaliyyətini davam etdirib.
2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən Vətən müharibəsində fəal iştirak edib. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. 2020-ci il oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz 2020-ci il oktyabrın 4-də doğulduğu kənddə böyük izdiham və el məhəbbəti ilə torpağa tapşırılıb.
Gizir Xəqani Cəmilli ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Doğmaları deyir ki, onlarla danışanda Xəqaninin son sözləri bu olub ki,  Füzuliyə bayrağımızı sancıb, Sizə qələbə xəbərini çatdıracam. Narahat olmayın, qələbə bizimdir!

Xəqani Vətən uğrunda şəhadətə ucalanda 25 yaşı vardı. O, bütün arzuları ilə gənc ömrünü Vətənin, torpaqlarımızın azadlığına bağışladı.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər