Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi kimi qeyd olunur. Bu gözəl gün münasibətilə 25 avqust 2023-cü il tarixində Azərbaycan musiqisinin, Azərbaycan muğamının canlı korifeyi, tarixdə ilk dəfə muğam professoru kimi şərəfli adı daşıyan, “Segah”ın atası adlanan xanəndə Arif Babayevlə hazırda yaşadığı Qax rayonunda görüş keçirilib. Bu barədə Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxananın direktoru Güllü Əhmədova "Vetensesi.az"a açıqlamasında bildirib. Onun sözlərinə görə, Qax rayon MKS-nın təşkilatçılığı ilə keçirilən bu görüş uzun illər yaddaşlarından silinməyəcək.
Güllü Əhmədova muğam ustasını onu sevənlər adınadan salamlayıb və onun sənətinə olan sonsuz sevgidən söhbət açaraq sənətkarımıza cansağlığı arzulayıb və hədiyyə olaraq xanəndənin ifalarından ibarət olan valı Arif müəllimə bağışlayaraq bildirib ki, bunu Ağdamda arzusunda olduğunuz Ev Muzeyiniz yaradıldığında hədiyyə kimi orda saxlayarsınız.
Sonra görüşdə iştirak edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə baş məsləhətçisi D.Əzizova, S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru K.Məcidova, Qax MKS-nin direktor müavini A.Əfəndiyeva, şairə S.Elqızı, gənclərdən A.Əşrəfli, Gülnar Maqsudova xanəndəyə olan sonsuz hörmət və ehtiramlarını bildiriblər.
Görkəmli sənətkarımızın şirin Qarabağ ləhcəli baməzə, yumorlu söhbətləri qonaqlarının yaddaşından silinməyən iz buraxıb. Böyük xanəndə bu görüşü tarixi görüş adlandırıb.
Daha sonra Şuşa Humanitar Kollecinin "Muğam”sinfinin tələbəsi Əsgərova Rəfiqə “Qarabağ” şikəstəsini ifa ediblər və Əliağa Vahidin qəzəlləri səsləndirilib. Sonda isə qonaqlar çay süfrəsi arxasında məhşur xanəndə ilə xatirə şəkilləri çəkdiriblər.
Xalqımızın böyük hörmət və nüfuzunu qazanan Arif müəllimə Allahdan cansağlığı və Ağdamlı günlər arzulayaraq görüşü sonlandırıblar.
Hazırladı: Tahirə AĞAMİRZƏ