Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın yeni tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsindən bəhs edən əsərlərin əhəmiyyətindən danışıb. Zəfərimizin tacı, mədəniyyətimizin beşiyi olan Şuşanın tarixinin, irsinin təbliği istiqamətində atılan hər bir addımın önəm kəsb etdiyi, “Cığır” romanının bu mənada dəyərli bədii əsər olduğu vurğulanıb.
Romanın redaktoru yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli müharibə mövzusunda yazmağın çətinliyindən bəhs edərək müəllifin bu əsərdə yaratdığı obrazlar vasitəsilə qəhrəmanlığın yüksək səviyyədə tərənnüm edildiyini bildirib.
Şair, tərcüməçi Elxan Zal, yazıçı Əyyub Qiyas, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev əsərlə bağlı fikirlərini bölüşüblər. Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğu, romanda da bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın ustalıqla təsvir edildiyi qeyd olunub.
Sonda müəllif tədbirin Gənclər Kitabxanasında təşkil olunmasından məmnunluq hissi duyduğunu vurğulayıb və minnətdarlığını bildirib.
Hazırladı: Mina RƏŞİD