Udi sözünə Böyük Plininin (I əsr) “Həqiqi tarix” əsərində rast gəlinir. Ptolemeyin (I əsr) “Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən udilərin yaşadığı göstərilir.
Udilərin Qafqaz Albaniyası dövlətinin təşəkkülündə böyük rolu olub. Udilər udi dilində danışırlar, dinləri isə xristianlıqdır. Tarixən günəşə, aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər. 313-cü ildə xristianlığın Roma imperiyasının rəsmi dini olaraq tanınmasından sonra Alban çarı Urnayrın dəvəti ilə ölkəyə gələn maarifçi Qriqori alban zadəganlarını xaç suyuna salaraq, Qarabağda udilərin əsas ibadət yerlərindən olan Amaras məbədinin əsasını qoyur. VII əsrin sonlarında Azərbaycan ərazilərinin ərəb xilafətinin təsir dairəsini keçməsi və Qafqaz Albaniyasının süqutu ilə alban tayfalarının böyük bir hissəsi İslamı qəbul edirlər. Buna baxmayaraq, albanların bir qismi, o cümlədən udilər ərəb qoşunlarının gedib çatmadığı Qarabağ kimi dağlıq bölgələrdə öz xristian dinini, dilini, həmçinin alban katolikosluğu başda olmaqla alban Həvari kilsəsini mühafizə edə bilirlər.
XVIII əsrin əvvəllərində alban məlikləri I Pyotra ünvanladıqları məktubda özlərini “Udi tayfasından olan albanlar” adlandırırdılar. Mənşəcə udi olan Qafqazşünas alim Q.Voroşil “Qafqaz Albaniyası” əsərində yazıb: “Biz udilər Azərbaycanda, Azərbaycan türklərinin arasında doğulmuşuq, qədim albanlar bizim babamızdır”.
Udi alban tayfalarının məskunlaşma arealı Göyçə gölü və Arpa çayı arası, Kür və Tərtər çaylarının aşağı hissələri, müasir Gəncə, Şəmkir və Tovuz əraziləri, Şəki, Qəbələ, Oğuz bölgələri olub.
Udilərin tarixi uzun illər boyu siyasətin girovuna çevrilib. XIX əsrdə Azərbaycan Rusiya imperiyası tərəfindən istila edilir. İran və Türkiyədən yüz minlərlə erməni Cənubi Qafqaza kütləvi şəkildə köçürülür. Qarabağ, Qazax-Tovuz bölgələrində yaşayan əhalinin böyük əksəriyyəti, udilər də doğma torpaqlarından didərgin düşürlər. Eyni zamanda, erməni kilsəsinin məkrli siyasəti nəticəsində alban kilsəsinin də fəaliyyəti dayandırılır.
1836-cı il mart ayının 11-də Rusiya imperatoru I Nikolayın erməni-qriqoriyan kilsəsi ilə bağlı fərmanına əsasən, alban Həvari kilsəsinin bütün mülkiyyəti, dini tikililəri Eçmiədzinin sərəncamına verilir. 1910-cu ildə Rusiya çarından icazə alan Eçmiədzin alban kilsəsinin arxivini, sənədlərini, maddi irsini məhv edir, bir hissəsini erməniləşdirir. I Nikolayın fərmanından sonra alban xristian ənənələrini yaşadan son albanların-udilərin etnik kimliyi və dini mənsubiyyəti amansızcasına məhv edilir. Alban-udilər birbaşa Qriqoriyan kilsəsinə, siyahıyaalma sənədlərində isə ermənilərə aid edirlər. Beləcə, udilərin bir hissəsi məcburi qriqoriyanlaşdırılır. Erməni kilsəsinə tabe olmaq istəməyənlərin bir hissəsi İslam dinini qəbul edir. Həmin dövrdə udilərin vəziyyəti o qədər dramatik olmuşdur ki, zorla erməniləşməyə məruz qalmamaq üçün xristianlığın digər qollarını da qəbul etmişlər. Bununla bağlı rus sinodonunda erməni adlandırılmaması üçün qriqoriyanlıqdan imtina edərək lüterbanlığı qəbul etməyə icazə istəyən Qarabağ udisi haqqında sənəd var.
Udi-Alban kilsəsinin rəhbəri Rafik Danakari: “Həmişə erməni kilsəsi kimi qələmə verilib. Bu bizim üçün təhqir olub. Ona görə ki, bura alban kilsəsi olub. Azərbaycanda qədim albanlar xristianlığı qəbul edib. Bura ermənilərin heç bir aidiyyatı ola bilməz. Alban-udi xaçını erməni qriqoriyan xaçı ilə müqayisə etmək olmaz”.
Həmin dövrdə assimilyasiyadan qaçan udilər Nuxa qəzasına köçür., Nic, Oğuz, Bardanlı, Mirzəbəyli, Sultan-Nuxa, Malıx kimi kəndlərə sığınırlar.
XIX əsrdən Qəbələnin Nic qəsəbəsi udilərin mərkəzinə çevrilir.
1853-cü ildə onlar üçün Nicdə erməni kilsəsi tikilsə də, udilər inadlarından dönmür. Dini ayinləri evdə icra etməyi üstün tuturlar.
1910-cu ildə Nicdə 10 min udi yaşayırdı.
Hazırda udilər kompakt halda Oğuz rayonunda və Qəbələnin Nic qəsəbəsində məskunlaşıblar.
Azərbaycanda 4500-dən çox udi yaşayır ki, onların 4 mini Nic qəsəbəsindədir. Nicdə 1-ci sinifdən 4-cü sinfədək həftədə iki dəfə udi dili tədris olunur. Nicdə 3 kilsə var, onlardan ən əhəmiyyətlisi Cotari alban-udi kilsəsi, yəni müqəddəs Yelisey kilsəsi sayılır. Qəsəbədəki iki alban məbədi-Cotari və müqəddəs Məryəm ana kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq udilərin istifadəsinə verilib.
Nic qəsəbəsi də Vətən müharibəsində şəhidlər verib.
Tahirə AĞAMİRZƏ