20.12.2024, 03:41
AZ EN
14.08.2023, 19:15 276

Ordubadda türkiyəli şəhidin xatirəsinə bulaq-abidə ucaldılıb

XƏBƏRLƏR
  • Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anaqut kəndində türkiyəli şəhid Həsən Bəşir Türkoğlunun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq-abidə inşa edilib.

Bulaq-abidənin açılış tədbirində bildirilib ki, 1918-1920-ci illərdə Naxçıvan torpaq iddialarında olan erməni qəsbkarına müqavimət göstərib, Azərbaycanın tərkib hissəsi kimi varlığını qoruyub. Həmin illərdə Anadoludan gələn türkiyəli qardaşlarımız da bizə dəstək olub, şəhidlər verib. Həmin şəhidlərdən biri, Həsən Bəşir Türkoğlunun şəhadətindən 105 il ötür.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya çıxış ediblər.

Bildirilib ki, 1918-1920-ci illərdə erməni daşnakları Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhalisinə qarşı qanlı cinayətlər törədiblər. Belə dəhşətli günlərdə türk ordusu qardaş harayına yetib. Kazım Qarabəkir paşanın başçılığı altındakı IV Qafqaz ordusunun 15-ci süvari alayının tağımı yerli özünümüdafiə üzvləri ilə birlikdə kəndlərimizdə soyqırım faciələrinin qarşısının alınmasında ölüm-dirim savaşına girib, azərbaycanlılarla birlikdə şəhidlər verib.

Qeyd edilib ki, xalqımız qardaş ölkənin qəhrəman övladlarının şücaətini unutmayıb, onların yazdığı qəhrəmanlıq dastanını dillərdən salmayıb, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında Türkiyə şəhidlərinin əziz xatirəsinə abidə ucaldılıb. Türk ordusunun belə qəhrəman zabitlərindən biri də Həsən Bəşir Türkoğludur. O, bu döyüşdə xüsusilə fərqlənib, düşmən mövqelərinin darmadağın edilməsində xüsusi qəhrəmanlıq nümayiş etdirib. Həsən Bəşir 1918-ci ildə Ordubad rayonunun Dırnıs kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və bu kənddə dəfn edilib. Qardaş ordularımızın səyi nəticəsində onun və soyqırımın çoxsaylı qurbanlarının qisası alınıb, Ordubad və bütövlükdə Naxçıvan düşmənlərdən təmizlənib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərdən də söz açılıb, qardaş Türkiyə dövlətinin və xalqının mənəvi, siyasi dəstəyinin də qələbənin qazanılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Sonda Həsən Bəşir Türkoğlunun və Dırnıs kənd şəhidlərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. (Report)

Oxşar xəbərlər