23.12.2024, 12:26
AZ EN
12.08.2023, 15:47 234

Pakistanlı ekspert Şuşa şəhəri ilə bağlı geniş məqalə hazırlayıb

XƏBƏRLƏR
  • Dünyanın 50-dən çox ölkəsində olmuş təcrübəli bir səyyah kimi Azərbaycanı, onun mədəniyyət paytaxtı Şuşanı kəşf etmək xatirəmdə silinməz izlər buraxdı. Ermənistanın 30 illik işğalından sonra yenidən dirçələn Şuşa Azərbaycan xalqının dözümlülüyünü, mətanətini özündə təcəssüm etdirir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində tanınmış azərbaycanlı musiqiçilərin vətəni olan Şuşa az müddət ərzində inanılmaz dərəcədə dəyişib. Şəhər yenidən qurulur və siması daha da gözəlləşir.

Bu fikirlər Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvabın “The gulf observer” portalında yayımladığı geniş məqaləsində yer alıb.

Azərbaycana çox bağlı olan Q.Nəvvab məqaləsində memarlıq inciləri ilə göz oxşayan Şuşada xeyli sayda iş görüldüyünü, mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Şəhərdə 960 şagirdlik 1 saylı ümumtəhsil məktəbin və 90 çarpayılıq Şuşa Şəhər Xəstəxanasının inşası üzrə qızğın işlər getdiyini bildirib.

Şuşanın dirçəldilməsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının rolunu qeyd edən müəllif qısa zaman ərzində bu qədər nəhəng işlərin görülməsindən heyranlığını gizlədə bilmədiyini yazır: “İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada həyata keçirilən nəhəng infrastruktur layihələri Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Bu layihələr təkcə ölkədaxili mobilliyi deyil, həm də beynəlxalq aləmə asan çıxışı özündə təcəssüm etdirir. Diqqətlə planlaşdırılmış körpülər, tunellər və viyadüklər şəbəkəsi Azərbaycan dövlətinin və rəhbərliyinin uzaqgörənliyindən xəbər verir, keçmişlə gələcəyi birləşdirən əlaqə şəbəkəsi yaradır”.

Şuşada tarixi mədəni-abidələrin bərpa edilərək əvvəlki görkəmindən daha gözəl olduğunu diqqətə çatdıran Q.Nəvvab bu işdə Heydər Əliyev Fondunun əməyini xüsusi qiymətləndirib. Fondun xalqın mədəni irsinin qorunub saxlanmasında rolundan danışan müəllif Saatlı məscidi, tarixi Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidlərinin memarlıq üslubu ilə fərqləndiyini vurğulayıb.

Azərbaycan xalqının öz mədəni irsinə sadiq olduğunu vurğulayan Qayser Nəvvab ölkənin inkişafının, çiçəklənməsinin səbəbini uzaqgörən və müdrik siyasətçi Prezident İlham Əliyevin rəhbərliyi ilə izah edib: “Azərbaycan müdrik lider Prezident İlham Əliyevin dinamik və uzaqgörən rəhbərliyi ilə inkişaf edir və çiçəklənir. Xalqına çox bağlı olan Azərbaycan lideri geniş dünyagörüşünə malik şəxsiyyət kimi ölkəsini dayanıqlılıq və inkişaf nümunəsinə çevirib”. (AZƏRTAC)

Oxşar xəbərlər