12.03.2025, 22:55
AZ EN
29.07.2023, 10:44 346

Ağlama şəhid anası, biz hamımız Mənsuruq

XƏBƏRLƏR
  • Mənsur hərbçi olmaq istəyirdi. 44 günlük Vətən müharibəsinə də könüllü qatılmışdı. Hər gün ata-anasıyla danışırdı. Deyirdi ki, torpaqlarımızı işğaldan azad edib geri qayıdacam və yenə də Vətənin müdafiəsində dayanacam. Bu gün qəhrəman şəhidimiz Mənsur Ağa oğlu Ağayevin doğum günüdür. O, 1994-ci il iyunun 29-da Hacıqabul rayonunun Padar qəsəbəsində anadan olub. Mənsur Ağayev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdı.

Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq döyüşlərə yollanmışdı. Onun döyüş yolu Şuşaya, müharibənin sonuna qədər davam etmişdi.
Mənsur Ağayevi tanıyanların dediyinə görə, o çox xeyirxah, yardımsevər bir insan olub. Qarabağ uğrunda döyüşlərdə də öndə gedib. Bir çox döyüşlərdə - Füzulidə, Hadrutun alınmasında qəhrəmanlıq göstərib, minamyot atıcısı olub. Döyüş dostlarının dediyinə görə, dəfələrlə erməni raketləri önlərinə düşüb, amma qismət elə gətirib ki, partlamayıb. Onun  döyüş dostları ilə bir amalları olub - Şuşa uğrunda baş qoymaq... Elə Şuşa uğrunda gedən döyüşlərdə də, müharibənin bitməsinə bir neçə saat qalmış qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

O müharibəyə gedəndə ağlayan anasına gülə-gülə demişdi ki, ana, mən şəhid olacağam, mənim adımla fəxr edərsən həmişə.
Oğlunun dəfn anında əsgərlər bir ağızdan: - “Ağlama Şəhid anası, biz hamımız Mənsuruq”, deyəndə, ananın yanan qəlbi həm də qürurla döyündü... Doğrudan da bu gün anası onunla fəxr edir. Bu qəhrəman Vətən övladının müqədəs adı nəinki doğmalarının, bütün Azərbaycanın qürur yerinə, fəxarət ocağna çevrilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər