10.10.2024, 14:36
AZ EN
20.07.2023, 10:18 283

Mais ailənin yeganə övladı idi...

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz Səfərov Mais Şakir oğlunun doğum günüdür. Ailənin yeganə övladı olan və 21 yaşında Vətən uğrunda canından keçən Mais Səfərov 1999-cu il iyulun 2-də Neftçala rayonu, Xol Qarabucaq kəndində anadan olub. İbtidai təhsilini 2006-ci ildə qədəm qoyduğu Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmişdi. 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuş, 2019-cu ildə təhsilini başa vurmuşdu.

Mais Səfərov 2019-cu il iyulun 1-dən Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanaraq Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdi. Hərbi xidməti dövründə ona verilən tapşırıqları düzgün yerinə yetirdiyi və nümunəvi davranışına görə dəfələrlə fəxri fərmanlara layiq görülüb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Mais də döyüşlərə qatıldı. O, Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.  Mais Səfərov Ağdərə rayonu Ağuçuq kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz  2020-ci il oktyabrın 28-də Neftçala rayonu, Xolqarabucaq kənd qəbirstanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamlarına əsasən Səfərov Mais Şakir oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Zəfər tarixinə qanıyla imza atan Mais Səfərovla bu gün bütün Azərbaycan qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Mais balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər