Bu tarixi günün xüsusi olaraq vurğulanmasında məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Son açıqlamalara əsasən dünya əhalisinin sayı 8 milyarddan artıqdır. Əhalisinin sayına görə ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb.
Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunmağa başlanılıb. Ölkəmizdə də bu cür tədbirlər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.
Qeyd edək ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 143 min 521 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib. Əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ilin ilk dörd ayı ərzində Azərbaycanda 37 min 159 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1-dən 11,1-ə enib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrin 1122-si əkiz, 63-ü isə üçəmdir. Yanvar-aprel ayları ərzində ölkədə 21 min 205 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2-dən 6,4-ə qədər azalıb.
Hazırladı: Mina RƏŞİD