Şəhid leytenant Yaqub Nəcəfov Vətən müharibəsində iştirak edən üç qardaşdan ən kiçiyi idi. Ailədə üç uşaq idilər, üçü də ön cəbhədə, düşmənlə üz-üzə döyüşürdülər. Baş leytenant İbrahim Nəcəfov və onun əkiz qardaşı baş leytenant İsmayıl Nəcəfov Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarıdır. Onlar 2016-cı ildən Qarabağ bölgəsində ön xətdə zabit kimi Vətənə qulluq edirlər.
Nəcəfovlar ailəsinin hərb sənətinə marağı uşaqlıqdan olub. Yaqubun əmiləri I Qarabağ müharibəsində, atası ermənilərin Naxçıvana hücumunun qarşısının alınmasında iştirak edib. Dayısı hərbi müəllim kimi şagirdlərə bu sənəti sevdirən tanınmış müəllimlərdəndir. Şəhid Yaqub Nəcəfov qardaşlarını hərbi formada görəndən sonra arzusunu qətiləşdirib. Sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə verib. Valideynləri onun seçiminə hörmətlə yanaşsalar da, qardaşları etiraz ediblər: “Biz istəyirdik ki, üçümüzdən birimiz, heç olmasa valideynlərimizin yanında qalsın. İstəyirdik ki, heç olmasa Yaqub fərqli sahəni seçsin. Amma o qərarında israr etdi. Ona dedik ki, biz ikimiz də cəbhədə ön xətdəyik, heç olmasa elə istiqamət seç ki, nisbətən sənə rahat olsun. Amma sonradan eşitdik ki, özü ixtisas seçimində könüllü olaraq piyada qoşunlarının tərkibində ön xətdə zabit kimi fəaliyyət göstərməyi seçib.
Şəhid atası Məhəmməd Nəcəfov deyir ki, çoxları onu uşaq bilirdi. Amma Yaqubun böyük ürəyi vardı. Avqust ayında Beyləqanda keçirilən təlimlərdə iştirak edirdi. Mənə dedi ki, ata, ürəyini buz kimi saxla, biz qələbəyə çox yaxınıq. Oktyabrda onu Gəncədə dağ döyüşləri üçün hazırlayırdılar. Mən bir çox şeyi sonradan onun hərbiçi yoldaşlarından öyrəndim. Digər oğlum İbrahim Ağdamda yaralandığından Bakıya gəlməli oldum. Fürsət tapıb, Gəncəyə gedib, onunla görüşdüm. Leytenant rütbəsi almışdı və ordumuzun cəbhədə qazandığı uğurlara görə uşaq kimi sevinirdi. İstəyirdi ki, bu işdə onun da əməyi olsun. Səhərdən axşama qədər təlimlərdə olurdu. Özü deməsə də, hiss edirdim ki, hansısa ciddi əməliyyatlara hazırlaşırlar.
Şəhid leytenant Yaqub Nəcəfov şərəfli döyüş yolu keçib. Füzulinin, Cəbrayılın, Şuşanın azad olunmasında fəal iştirak edib. Dirsəyində bıçaq, ayağında güllə izləri onun Şuşa uğrunda baş verən əlbəyaxa döyüşlərdə də iştirakından xəbər verir. Şəhidin döyüşlərdə yaralanan qardaşı baş leytenant, qazi İbrahim Nəcəfov 2016-cı ildən Tərtər və Ağdamda ön cəbhədə qulluq edir. Deyir çox istərdim, Şuşanın alınmasında mən də iştirak edim. Amma bu mənə yox, qardaşıma nəsib oldu. Şəhadətə yüksəlmək onun nəsibində varmış.
Qazimiz onu da deyir ki, Yaqub sual verməsən danışmazdı, utancaq idi, amma işində çox məsuliyyətli və mərd idi. O, evimizin sonbeşiyi idi, şəhidlik mərtəbəsinə yüksələrək ən böyüyümüz oldu. Onun xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Şəhidin atası Məhəmməd Nəcəfov onunla təskinlik tapır ki, övladı Vətən uğrunda şəhadətə ucalıb. Yaqub bu gün xalqın övladına çevrilib. İşğaldan azad olunan torpaqlarımız çiçəkləndikcə, vətənimiz qüdrətləndikcə bütün şəhidlər kimi Yaqubun da xatirəsi əbədi yaşayacaq.
Leytenant Yaqub Nəcəfov müharibənin son anlarında noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Culfa şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə leytenant Yaqub Nəcəfov ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda ” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Bu gün Vətənin qəhrəman oğlu Yaqub Nəcəfovun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, cənab leytenant!
Mina RƏŞİD