19.09.2024, 05:51
AZ EN
13.06.2023, 11:53 249

Vətənpərvərlik rəmzinə çevrilən oğul!

XƏBƏRLƏR
  • Əzim Fikrət oğlu Həsənov 1998-ci il iyunun 13-də Balakən rayonunda doğulub. O, əslən Ağdam rayonundandır. Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalı ilə bağlı valideynləri yurdundan didərgin düşüb. Əzim də məskunlaşdıqları Balakəndə dünyaya göz açıb. Onun bir yaşı olanda ailəsi Mingəçevirə köçüb. 2004-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub.

Əslən Qarabağlı olan Əzimin ürəyi həmişə vətən həsrəti ilə döyünüb. Vətən eşqi, vətənpərvərlik onun qanında var idi. Elə bu hisslərlə də təhsil aldığı Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən ADU TGT-nin Vətənpərvərlər Klubuna üzv olub. Vaxtilə işğalda olan torpaqlarımızın anım günləri və digər respublika əhəmiyyətli günlərin qeyd olunduğu tədbirlərin həyata keçirilməsində fəal iştirak edib. Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən və bir neçə universitetin də iştirak etdiyi "Azərbaycançılıq Məfkurəsinin Gənclərlə Təbliği" layihəsində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.

Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq Həmlə taboruna daxil olub.

2020-ci il sentyabr ayının 27-də başlanan Vətən Müharibəsi zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək əsgər yoldaşlarını mühasirədən çıxara bilib. "Nə qazimiz, nə şəhidimiz, nə olur olsun, düşmən tərəfində qalmasın" - deyirmiş döyüş yoldaşlarına. Bu cümlə son anınadək onun dilində şüara çevrilib. Sonuncu dəfə oktyabrın 9-u Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Oktyabrın 30-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında böyük izdiham və el məhəbbəti ilə torpağa tapşırılıb.

Şəhidimiz Əzim Həsənov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

"Nədənsə son vaxtlar onun böyük adam olacağı hissi vardı ürəyimdə. Hələ əsgər getməmişdən əvvəl özünə də deyirdim bunu. Oğlumla fəxr edirəm. Bu gün mən bir oğul itirdim, amma tarix daha bir qəhrəman qazandı. Göstərdiyi qəhrəmanlıqla yazılan yeni tarixə onun da töhfəsi oldu. Ölümü adi ölüm olsaydı, yoxluğu ilə barışa bilməzdim. Şəhidlik uca zirvədir. Tək təsəllim də budur" - deyir anası Şəhla Həsənova.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Fikrət Həsənov da oğlu haqqında fikirlərini belə ifadə edir. “Deyirdim, "Oğul, qocalmışam, torpaqlarımızı, doğma Ağdamımızı qaytarmaq artıq sənə qaldı". Sonuncu dəfə oktyabr ayının 4-ü danışmışdıq. Hər şeyin əla olduğunu, yavaş-yavaş hədəfə doğru irəlilədiklərini deyirdi. Uzun müddət danışa bilmədik. Narahatlıq içindəydik. Axtarmaq üçün Füzuliyə getdik. Xəbər ala bilmədik. Uzun çəkən axtarışdan sonra oktyabrın 22-i şəhid olduğunu öyrəndik. Vətən sağ olsun!"

Uşaqlıqdan ətrafındakılara nümunə olan Əzim Həsənov qəhrəmanlığı, şəhidliyi ilə də gənc nəslə bir örnək oldu. Bunu orta məktəbdə ona dərs deyən müəllimləri də qürurla söyləyirlər…

Bu gün igid Vətən oğlunun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Əzim balamız!

Mina RƏŞİD    

Oxşar xəbərlər