Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min qəhrəman şəhidlərimizin övladları ilə görüşüblər. Eləcə də Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı səfirliyinin hədiyyəsi olan noutbuklar uşaqlara təqdim edilib.
Sonra şəhid övladları Heydər Əliyev Mərkəzinin binası, buradakı Heydər Əliyev Muzeyi, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən eksponatlar, “Azərbaycan inciləri”, “Mini Azərbaycan” sərgiləri ilə tanış olublar.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin övladları ilə Ümummilli Liderin adını daşıyan mərkəzdə görüşməkdən məmnunluğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb, Heydər Əliyev Fondunun Çin səfirliyi ilə sıx əməkdaşlıq etdiyini, çoxsaylı birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min müharibələrdən zərər çəkmiş insanlara həssas münasibətin insani dəyərlərin nümunəsi olduğunu qeyd edib. Səfirliyin Heydər Əliyev Fondu ilə əməkdaşlığı çərçivəsində bir sıra sosial layihələr həyata keçirdiyini bildirən səfir bu cür təşəbbüslərə dəstək verməkdən qürur duyduğunu vurğulayıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov təşəbbüsə görə Heydər Əliyev Fondunun rəhbərliyinə və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə minnətdarlığını ifadə edib, Azərbaycanda şəhid ailələrinə dövlət tərəfindən hər zaman xüsusi qayğı və diqqət göstərildiyini vurğulayıb. Bildirib ki, dövlətin həyata keçirdiyi siyasətin əsas məqsədi şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdır.
Milli Məclisin deputatı Rauf Əliyev Heydər Əliyev Fondunun və Çinin Azərbaycandakı səfirliyinin birgə layihəsinin böyük mənəvi-psixoloji əhəmiyyətə malik olduğunu qeyd edib, bu cür təşəbbüslərin Azərbaycanda şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqətin və cəmiyyətin həssas münasibətinin göstəricisi kimi qəbul edildiyini bildirib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Huawei Azərbaycan” şirkətinin rəhbəri Xu Hui və Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak ediblər. ("AZERTAC")