20.10.2024, 12:30
AZ EN
12.06.2023, 09:00 335

Ərgünəş dağında şəhadətə ucalan Vüsal!

XƏBƏRLƏR

Əslən Masallı rayonunun Təzə Alvadı kəndindən olan Musayev Vüsal Zakir oğlu 1996-cı il iyunun 12-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbi bitirib. 2014–cü ilin ikinci yarısından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən “N” saylı hissədə davam etdirib. Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılıb. 2020-ci il sentyabrın 21-də səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə Füzuli cəbhəsində qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrundə gedən döyüşlərdə şücayət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Xocəvənd–Füzuli istiqamətində keçirilən döyüş əməliyyatlarında sona qədər düşmənə qan uddurmağa davam edib. Oktyabrın 13-də Ərgünəş dağında şəhidlik məqamına yüksəlib. Xırdalan şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərancamları ilə ölümündən sonra “Vətən ugrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vüsalın doğmaları onunla bağlı kövrək xatirələrindən danışırlar: “2020-ci ilin ilk günü idi. Vüsal ürəyində çoxdan tutduğu arzuya çatmışdı. Öz halal zəhməti ilə maşın almış və onu böyük qardaşına sürpriz eləmişdi.   Maşının açarını qardaşına uzadıb: “Qoy bu maşın sənə hədiyyə olsun, mən özümə inşallah başqasını alaram!” Vüqar tərəddüt edəndə Vüsal özünəməxsus ədəb-ərkanla: “Qardaş, sən ailə sahibisən, bu maşın məndən çox sənə lazımdır” deyib, onun iki yaşlı qızı Jasmini qucağına  almışdı.
Əzizləri deyirlər ki, hər dəfə evə gəlişi ailə üçün toy-bayram olan Vüsal çox şən, həyatsevər gənc idi. Çalışdığı işdə, yaşadığı məhəllədə hamı ilə dil tapa bilirdi, böyüklə böyük, kiçiklə kiçik idi. Anası Vüsalə xanım deyir ki, Vüsal çox zəhmətkeş idi, həmişə qohum-əqrabanın xətir-hörmətini saxlayırdı: “Gördüyü iş barədə rəy öyrənməyi də xoşlayırdı. Bəzən soruşardı: “Ana, sən məndən bu işə görə razı qaldın?” Mən deyərdim: “Allah səndən razı olsun, oğlum!”
Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində Ərgünəş adlı dağın olduğunu bəlkə də Vüsalın ən yaxın dostlarının çoxu bilmirdi. Amma 2018–ci ildə Bakıda cərrahiyə əməliyyatından sonra onun anesteziyadan ayılmasını gözləyən dostları soruşurlar: “Ay Vüsal, sən hardaydın?” O da gülümsünərək cavab verir ki, mən əlimdə avtomat silah hündür bir dağın başında ermənilərlə döyüşürdüm...
Milli qəhrəman Polad Həşimovun şəhid olması bütün gənclər kimi Vüsalı da dərindən sarsıtmışdı. Şəhidlərin dəfn mərasimlərində böyük izdihamı görəndə: “Görəsən bizi də belə dəfn edəcəklər?”,- deyən Vüsalın Azərbaycan bayrağına bükülmüş tabutunu son mənzilə yola salan insan axınının ucu-bucağı görünmürdü...

Müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən yolunda canını fəda edən Vüsal Musayevə həsr olunmuş bu şeiri də bütün dostları adından Elçin Məhərrəmov adlı bəstəçi-müğənni qələmə alıb:

Yoxluğun heç kəsə asan olmadı,
Nə atan, nə anan yaşamır sanki.
O körpə Jasminin gözü yoldadır,
Hər an gəlişini gözləyir sanki...

Nə etmək olar ki, Vətən borcudur,
Sən bir qəhrəmansan, tez-tez yada sal.
Ruhun Qarabağın zirvəsindədir,
Bu torpaq səninlə fəxr edir Vüsal!

Bu gün igid əsgər, Vətənin qəhrəman oğlu Vüsal Musayevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər