21.09.2024, 08:44
AZ EN
10.06.2023, 13:33 132

Ağsunun qəhrəman oğlu!

XƏBƏRLƏR
  • Sübhan Mehman oğlu Cəfərov 1999-cu il iyunun 10-da Ağsu şəhərində anadan olub. 2006-cı ildə Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub və 2017-ci ildə oranı bitirib. Elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini 2019-cu ildə başa vurduqdan sonra ailəsinin yanına qayıdıb.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı əks-hücum əməliyyatı başlayanda minlərlə gənc kimi, o da hərbi komissarlığa müraciət edərək könüllü cəbhəyə getmək istədiyini bildirdi. Döyüşlərin ikinci günü ön cəbhədə erməni işğalçılarına qarşı savaşa atıldı. Vətəni sevən bir gənc kimi igidliklə vuruşdu, düşmənin xeyli canlı qüvvəsini məhv etdi.

İgid əsgər oktyabrın 10-da Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhadətə ucaldı.
Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə Ağsu şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Sübhan Cəfərov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfərdə Azərbaycanın igid oğlu, əsgər Sübhan Cəfərov da bax belə adını tarixə yazan qəhrəmanlardan biridir. Ata-anasının da yeganə təsəllisi elə budur. Bu gün Sübhanın doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Sübhan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər