1998-ci ildə Babək qəsəbəsində Vəli Mahmudov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirib. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə olduğu müddətdə komandirləri və yoldaşlarının hörmətini qazanıb, nümunəvi əsgər olub.
Ümidin Vətənə məhəbbəti onun yenidən orduya qayıtmasına səbəb olub. 2012-ci il avqustun 1-də Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb. O, sərrast atıcı, həm də sürücü kimi Ordumuza xidmət edirdi. Ü.Novruzlu 2020-ci ildə gizir rütbəsini qazanıb.
2020-ci ildə Naxçıvanda keçirilən hərbi təlimlərdə ayağından zədə alsa da bu onun İkinci Qarabağ Savaşında döyüşmək arzusuna mane ola bilmədi. Çünki gizir bu ana çoxdan hazır idi.
Ümid Novruzlu 2020-ci il oktyabrın 24-dən döyüşlərə qatıldı. Döyüş yoldaşlarının ailəsinə verdiyi məlumata görə igid savaşçı düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Amansız döyüşlərdə dəfələrlə yaralansa da, öz mövqeyini tərk etməyib. Ümid həmişə bu sözləri söyləyib: “Şuşaya zəfər bayrağını özüm sancacam!”
Ümid Novruzlu Şuşa uğrunda qanlı savaşlarda qəhrəmancasına vuruşub və düşmən qüvvələrini darmadağın edən qəhrəmanlarımızdan biri olub. İgid döyüşçü 2020-ci il noyabrın 5-də elə həmin döyüşlərdə də Vətən uğrunda şəhadətə yüksəlib.
Şəhidimizin cənazəsi nyabrın 13-də doğma Babək şəhərinə gətirilərək böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Gizir Ümid Novruzlu iki bacının bir qardaşı idi. 2014-cü ildə ailə həyatı qurmuşdu. Bir oğlan və bir qız atası olan Ümid qayğıkeş oğul və ailə başçısı olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün qəhrəman Vətən oğlu, gizir Ümid Novruzlunun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD