Azərbaycanda bu əlamətdar gün 2008-ci ildən başlayaraq qeyd edilir. Beynəlxalq Ailə Günü əhəmiyyətli dəyərləri özündə birləşdirir. Belə ki, dünya miqyasında bütün insanların diqqəti ailələrə və onların problemlərinin həllinə yönəlir. Dünya Ailə Günü ilə əlaqədar olaraq təşkil olunan Ailə Bayramı bu günə kimi Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Şəmkir, Abşeron rayonlarında, Lənkəran və Şəki şəhərlərində təşkil edilib. Hər il yüzlərlə ailənin iştirakı ilə yüksək səviyyədə qeyd edilən bu bayram Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsini təcəssüm etdirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayramda müxtəlif sərgilərlə tanışlıq, bölgələrin milli mətbəxini əks etdirən əl işlərinin nümayişi ilə yanaşı, həm də ailələr arasında müxtəlif intellektual oyunlar da təşkil edilir. Kütləvi informasiya vasitələrinin, müxtəlif xarici və yerli qonaqların iştirakı ilə təşkil olunan Beynəlxalq Ailə Günü ölkəmizdə rəğbətlə qarşılanır.
Hazırladı: Mina RƏŞİD