Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov söyləyib.
Hərbi ekspert vurğulayıb ki, Ermənistan uzun illər bu cinayətlərini ört-basdır etməyi düşünürdü: “Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onlarda qalacaq və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. Amma torpaqlarımız işğaldan azad ediləndən sonra biz növbəti dəfə onun şahidi olduq ki, Ermənistan bu cinayətlərini ört-basdır etmək gücündə deyil. İndi yeni-yeni ərazilərdə həmin qətlə yetirilmiş günahsız insanların qalıqları aşkar edilir və onların kimə məxsus olduqları müəyyənləşdirilir.
Onun sözlərinə görə, bu gün dövlətimiz Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda Ermənistanın törətdiyi cinayətləri hərtərəfli araşdırır və onları bütün dünyaya təqdim edir. Ona görə də Şuşada aşkarlanan bu insan qalıqları Başlıbel, Fərrux, Edilli istiqamətindəki kütləvi məzarlıqlar seriyasının ardıdır. Hesab edirəm ki, Ermənistan bütün bu cinayətlərə görə mütləq şəkildə cavab verməlidir və verəcək. Hazırda Füzuli istiqamətində də oxşar axtarışlar getməsi yeni sübutların ortaya çıxmasına səbəb olacaq.
Ermənistan dinc Azərbaycan əhalisinə qarşı girovlara, o cümlədən Azərbaycan hərbçilərinə, əsirlərə qarşı törətdiyi bu müharibə cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu təcavüzkar ölkə məsuliyyətdən qaça bilməyəcək. İnanıram ki, bu cavab tezliklə Ermənistan tərəfindən veriləcək. Bunun başqa yolu yoxdur.
“Ermənistan qətiyyən düşünməməlidir ki, onun törətdiyi müharibə cinayətləri cavabsız qalacaq. Azərbaycan dövləti Ermənistanı məcbur edəcək ki, onlar bu cinayətə görə kimliyindən asılı olmayaraq, həm qanun qarşısında cavab versinlər, həm də insanlıq əleyhinə yönəlmiş addımları gələcəkdə bir daha təkrar etməsinlər.
Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, dövlətimiz bu müharibə cinayətlərini hərtərəfli araşdıracaq və Ermənistanın etdiyi hərəkətlərə görə onu ən ağır şəkildə həm maddi, həm də hüquqi baxımdan cəzalandıracaq”, - deyə ekspert bildirib. (AZƏRTAC)